Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli fevralın 4-də Lənkəranda “Palıdlı-Sahil” İstirahət mərkəzində “Liderlik və fəal vətəndaş mövqeyi mövzusunda “Liderlər klubu”nun növbəti qış məşğələsində iştirak edib. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, rayonun 80 nəfər fəal gəncinin qatıldığı məşğələdə Rusiya -Azərbaycanlı Gənclər təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü və qürumun təşkilatcılığı ilə keçirilmış “Liderlik və fəal vətəndaş mövqeyi” mövzusunda qış məktəbinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. Məşğələdə gənclərə liderlik keyfiyyətlərinin aşılanması qeyd olunmuş, hazırda respublikamızda mövcud olan elitanı gələcəkdə əvəz edəcək liderlərin formalaşdırılmasının əhəmiyyətindən söhbət gedib.
Çıxış edənlər müasir dünyada millətlər və sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi ücün gənclərin, xüsusilə gənc liderlərin üzərinə düşən vəzifələrdən danışıblar.
Fevralın 4-də Hadi Rəcəbli Lənkəran rayonunda fəaliyyət göstərən bir qrup kütləvi informasiya vasitələri nümayəndələri ilə də görüşüb. Görüş zamanı ölkədə, o cümlədən Lənkəran rayonunda ictimai-siyasi vəziyyət müzakirə edilib, KİV-lərin qarşısında duran vəzifələrdən söhbət açılıb. Deputatın qərargahından bildirilib ki, görüşdə müxalifətin fəaliyyətinə münasibət bildirilib, müxalifət bölgələrdə ictimai sabitliyi pozmağa görə tənqid edilib.
”Acıq dialoq və diskusiya şəklində kecirilmiş görüş zamanı ayrı-ayrı KİV nümayəndələrinin sualları cavablandırılıb”-deyə deputatın qərargahı bildirib.