Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağdaşda törədilən qətllə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a -ya verilən məlumatda bildirilir ki, Ağdaş şəhər sakini Elsəvər Məmmədovun ötən il dekabrın 3-də idarə etdiyi “VAZ-2106” markalı 10 EK 970 dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq geri qayıtmaması faktı ilə əlaqədar dekabrın 29-da Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın aparılması Ağdaş rayon prokurorluğuna tapşırılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovun Şamaxı rayon sakinləri Oqtay Mürsəlov və Vasif Soltanov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. Məlum olub ki, E.Məmmədov tanışı O.Mürsəlov vasitəsilə ayrı-ayrı şəxsləri işə düzəltmək üçün sonuncuya 2012-ci ilin oktyabr ayında İsmayıllı rayonunda 7500 manat pul verib. Dekabrın 3-də saat 16.00 radələrində isə Ağdaş rayonundakı evindən çıxaraq yenidən onunla görüşmək məqsədilə Qəbələ-İsmayıllı istiqamətində yola düşüb. Görüşdən sonra O.Mürsəlov tanışı V.Soltanovla qabaqcadan cinayət əlaqəsinə girərək tamah məqsədilə Elsevər Məmmədovu Şamaxı rayonunun Dilənçilər kəndi ərazisində boğaraq qətlə yetirib və meyiti Pirqulu kəndi ərazisində basdırıblar. E.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili isə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində gizlədiblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində tutulublar. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayəti tam etiraf edib və meyiti basdırdıqları, avtomobili gizlətdikləri yerləri göstəriblər. Meyit basdırıldığı yerdən çıxarılıb və iş üzrə məhkəmə-tibb və digər zəruri ekspertizalar təyin edilib.
Baş vermiş cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.