Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirib.
“Biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Buna görə də, sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”, - bəyanatda qeyd olunub.
Azərbaycan tərəfinin Brüssel görüşündən gözləntiləri nədir?
Bu barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, görüşdə əsas mövzular müzakirə olunub:
“Mən nəticələri bir az fərqli görürəm. Yəni Brüsseldə yeni danışıqlar formatının yarandığını deyə bilmərik. Danışıqlar prosesi fərqli mövzudur. Gərək hər iki tərəfdən razılaşdırılmış əsas xətt olsun və onun üzərində iş aparılsın. Hesab edirəm ki, görüş və nəticələr sadəcə olaraq Avropa İttifaqı tərəfindən dəstək məqsədilə təşkil olunub”.
Sabiq XİN rəhbərinin sözlərinə görə, görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ziddiyətli fikirlər səsləndirilib:
“O cümlədən, belə bir fikir irəli sürülüb ki, regionda təhlükəsizliyi erməni qüvvələri təmin etməlidir. Həmçinin Ermənistanın xarici işlər naziri deyir ki, Qarabağ bizim üçün insan hüquqları mövzusudur. Bütün bunlara əsasən, mən o fikirdəyəm ki, Ermənistan görüşdə görüntü yaratmaq istəyib. Bununla da, Avropa İttifaqının köməyinə nail olmaq fikrindədir. Görüşdən qabaq da məsələyə bu cür yanaşırdım”.
T.Zülfüqarov Rusiyanın artıq ikinci planda olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Məsələni bilməyənlər belə deyir. Bu görüşün təşkilatçısı Fransadır. Çünki indi Avropa İttifaqına sədrlik edir. Fransanın bizə münasibəti Rusiyanın mövqeyilə münasibətdə qat-qat pisdir. İkinci tərəfdən Rusiyanın iştirak etdiyi formatda Türkiyə var. Ancaq Avropa təklif etdiyi formatda Türkiyənin iştirakı yoxdur. Mövzunu bilməyən, dərindən analiz etməyən insanlar belə fikirlər səsləndirirlər”.
Politoloq İlqar Vəlizadə isə hesab edir ki, danışıqlar müsbət nəticələnibsə və ermənilər Avropa İttifaqı qarşısında öhdəlik götürüblərsə, bunu yerinə yetirməli olacaqlar. Onun fikrincə, Brüssel danışıqlarında Rusiya təmsil olunmurdu, lakin proseslərin reallaşmasını həyat keçirmək Rusiyasız çox çətin olacaq:
“Delimitasiya, demarkasiya çox mürəkkəb prosesdir. Ermənistan tərəfi son vaxta qədər Rusiya sərhədçilərinin prosesdə iştirakını xahiş etmişdi. Çox güman ki, indi də Rusiyadan xahiş edəcəklər. Delimitasiya və demarkasiya ilə bağlı ilkin razılıqda qeyd olunmuşdu ki, burada Rusiya tərəfi də iştirak edəcək. Rusiyanın xəritələri hər halda önəmli rol oynaya bilər. Burada söhbət Rusiya Baş Qərargahının xəritələrindən gedir”.
İ.Vəlizadə qeyd edib ki, son danışıqlar Belçikada baş tutsa da, Rusiya oyundan kənar vəziyyətdə deyil:
“Delimitasiya və demarkasiya necə, konkret hansı formada keçiriləcək, bunu zaman göstərəcək. Yenə deyirəm bu cari danışıqlarda ola bilər ki, Rusiya iştirak etməyib. Ancaq Rusiya oyundan kənar deyil. Ən azı ona görə ki, regionda Rusiya sülhməramlıları fəaliyyət göstərir. Bu faktoru da nəzərə almaq lazımdır”.