Ermənistan hakimiyyəti Azərbaycanla Qarabağa dair İrəvanın maraqlarına zidd olmayan müqavilə imzalamaq iqtidarında deyil.
Modern.az xəbər verir ki, bunu “Gallup” sosioloji sorğu xidmətinin Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan keçirilən sorğunun nəticələri əsasında bildirib.
O, Ermənistanın 1002 vətəndaşı arasında keçirilən sorğunun nəticələrindən danışıb.
Navasardyanın sözlərinə görə, “Gallup”un sorğusunda iştirak edənlərin 57,2%-i Ermənistan hakimiyyətinin Qarabağdan imtina edəcəyinə inanmadığını qeyd edib.
“Respondentlərin 10,6%-i hesab edir ki, hakimiyyət bunu mütləq bacarır, 19,8%-i bildirir ki, kifayət qədər bacarır, 16,9%-i kifayət qədər bacarmır, 40,3%-i qəti şəkildə bacarmır, 12,5%-i isə cavab verməkdən çəkinir”.
Respondentlərdən baş nazir Nikol Paşinyanın fəaliyyətinə qiymət vermələri də xahiş olunub.
13,8%-i birmənalı olaraq müsbət, 25%-i kifayət qədər müsbət, 13,6%-i kifayət qədər mənfi, 34,1%-i birmənalı olaraq mənfi hesab edib, 13,6%-i isə cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, seçkilər qarşıdan gələn bazar günü keçirilsəydi, vətəndaşların 20,4%-i yenidən Paşinyanın “Mülki müqavilə” partiyasına səs verəcəyini bildirib.
Maraqlıdır ki, sorğu iştirakçıları yenə də müxaliufətə etimad etmədiklərini vurğulayıblar.
Belə ki, sorğu iştirakçıları deyiblər ki, seçkilər qarşıdan gələn bazar günü keçirilsəydi, onların 8,3%-i müxalifətin “Hayastan” blokuna, 3,7%-i “Mənim şərəfim”ə, 1,7%-i sahibkar Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasına səs verərdi, qalan partiyalar isə səslərin hətta 1%-ni də ala bilməyib.
“Respondentlərin 10,1%-i heç kimə səs verməyəcəyini, 28,8%-i seçkilərdə iştirak etməyəcəyini, 9,1%-i cavab verməkdən imtina etdiyini, 12,9%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib”, - Navasardyan deyib.
Qeyd edək ki, “Gallup”un nümayəndəliyi aprelin 2-4-də Ermənistanda sorğu keçirib, sorğuda 1002 respondent iştirak edib.