“Şagirdlərin elə bacarıqları var ki, bunu qapalı tipli suallarla ölçmək mümkün deyil”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov söyləyib.
DİM rəsmisi abituriyentlərin buraxılış imtahanları ilə bağlı narazı qaldığı məqamlara münasibət bildirərək deyib:
“Bunlara mühakimə, tətbiq etmə, araşdırma, müqayisə etmək kimi bacarıqları nümunə göstərmək olar. Şagirdlərin gələcək karyeralarının qurulmasında bu bacarıqlarının əhəmiyyəti böyükdür. Bunları qapalı tipli tapşırıqlarla yoxlaya bilmədiyimiz üçün yazı işləri tapşırıqlarına ehtiyac yaranır. Qapalı tipli tapşırılarda bəzən şagirdlərimiz və müəllimlərimiz müəyyən suallarda düsturları əzbərləməklə tez cavablamaq metodunu seçirlər. Amma yazı işi üçün şagird sadaladığımız bacarıqları ortaya qoymalıdır. Həmçinin, qapalı tapşırıqlarda şagird ya tam, ya da sıfır balla qiymətləndirilir, Amma yazı işlərində şagirdin birinci, ikinci mərhələdə yazı işi tam başa çatdırılmadısa belə mütləq qiymətləndirilir”.
Sektor müdiri qeyd edib ki, yazı işlərinin yoxlanılmasında 950 nəfər marker iştirak edir. Onlardan 850 nəfəri müəllim, 60-70 nəfər isə magistrantdır:
“Valideynlər magistrantların sual hazırlamasına neqativ yanaşır, lakin onlar ali təhsilli və diplomları olan şəxslərdir. Bakalavr təhsilini bitirdikdən sonra müəllim işləməyə gedənlər də var, təhsili davam etdirənlər də”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov buraxılış imtahanlarının nəticələrinin tələbələr tərəfindən yoxlanılması ilə bağlı iddia irəli sürüb.