Modern.az

Rusiya “Brüssel razılaşması”nı pozmağa ÇALIŞIR

Rusiya “Brüssel razılaşması”nı pozmağa ÇALIŞIR

Analitika

8 Aprel 2022, 17:46

Rusiya Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında əldə olunmuş sülh danışıqlarına dair razılığı pozmaq üçün diplomatik hücuma keçib.

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdə ABŞ və Fransanı Minsk qrupunun ləğvində ittiham edib. Lavrov deyib ki, “əgər onlar Qarabağda, ümumiyyətlə Cənubi Qafqazda nizamlanma prosesindəki maraqlarını, bu prosesdə Ermənistan tərəfinin maraqlarını qurban verməyə hazırdılarsa, bu onların seçimidir”.

Lavrov həmçinin bildirib ki, Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq.


Moskvanın təşəbbüsü ilə yaradılan bu işçi qrupu da sərhəd delimitasiyası üçün nəzərdə tutulub və indiyə qədər iki nəticəsiz toplantısı olub.

Beləliklə, Rusiya Brüssel görüşündən sonra özünün də daxil olduğu üçtərəfli işçi qrupu yenidən gündəmə gətirməklə, həm özünün prosesdə iştirakını saxlayır, həm də, Brüsseldə razılaşdırılmış komissiyanın yaradılmasını əngəlləmək istəyir.


Modern.az xəbər verir ki, rusiyalı nazirin çıxışını şərh edən siyasi təhlilçi Asif Nərimanlı bildirib ki,
Moskva bununla Brüssel razılaşmasına, xüsusilə sülh sazişini hazırlanması üzrə danışıqların Avropa İttifaqının dəstəyi ilə ikitərəfli formatda aparılmasına qarşı olduğunu elan edir:
 

“Məqsəd Rusiyanın vasitəçilik roluna alternativin olmasının qarşısını almaqdır. Lavrovun Brüsselə “Azərbaycan və Ermənistan arasında kanal artıq yaradılıb” mesajı da bunu deməyə əsas verir.

“Ermənistanın maraqlarını Rusiya yox, ABŞ və Fransa qurban verir” mesajı da İrəvanı prosesdən kənarlaşdırmağa hesablanıb”.

Ekspertin fikrincə, görünür, Rusiya Brüssel görüşündən razı qalmayan Ermənistan üzərindən razılaşmanın praktiki mərhələdə icrasına imkan verməyəcək və öz vasitəçiliyi üzərində dayanacaq.

“Lakin bütün hallarda bu, üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar, 26 noyabr – icrasının sürətlənməsini tələb edir. Rusiya öz “hakimliyini” qorumaq istəyirsə, əvvəlcə 10 noyabr razılaşmasının 4-cü bəndini icra etməli - erməni silahl dəstələrinin Qarabağdan çıxarılması prosesini həyat keçirilməlidir, bu, olmadığı müddətdə digər razılaşmaların icrası çətindir”.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə keçirilmiş görüşdə razılaşıblar ki, , sərhədlərin delimitasiyası üçün hər iki ölkə komissiya yaratsın. Dövlət başçıları xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər