Modern.az

Rasim Musabəyov parlament jurnalistlərinin iradlarına cavab verdi

Rasim Musabəyov parlament jurnalistlərinin iradlarına cavab verdi

6 Fevral 2013, 10:31

”Etiraf etməliyəm ki, bir sıra həmkarlarım “düymə” basmaqda o qədər ustalaşıblar ki, onlara çatmaq mümkün deyil”

Parlament jurnalistləri Modern.az saytının sorğusunda Milli Məclisin deputatı Rasim Musabəyovun fəaliyyətini qiymətləndirərək, onu xarakterizə ediblər. Deputat KİV nümayəndələrinin onun haqqında səsləndirdkiləri fikirlərə münasibət bildirib.

”Milli Məclisdə deputat fəaliyyətimlə bağlı fikirlərinizi maraqla izlədim.  Rəylər müxtəlifdir. Bəziləri son dərəcə müsbət, bəzilərində isə təəccüb və məyusluq ifadə olunub. Bunların hamısını sadəcə nəzərə almaq da mümkün idi. Lakin, bu sorğunun parlament müxbirləri arasında keçirildiyini, hətta başlığa “Anlamırıq, o niyə susur?” sualın çıxarılmasını nəzərə alsaq, onları cavabsız qoymaq mənim adətimdə deyil. 
Deputatın fəaliyyəti,  dairəsində olan seçicilərlə işləməkdən başqa, təmsil olunduğu komitədə müəyyən olunur. Mən, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüyəm. Bizim komitə imzalanmış beynəlxalq konvensiya, dövlətlərarası müqavilə və sazişləri nəzərdən keçirir və təsdiqləmək üçün rəy verir. Tərəflər arasında razılaşdırılmış sazişlərin mətninə hər hansı düzəlişlərin  edilməsi və ya parlament komitələri tərəfindən imzalanmış sazişlərin qəbul edilməməyi  hətta ən demokratik ölkələrin praktikasında nadir hallarda baş verir. Səhv etmirəmsə, Azərbaycanın 20 illik müstəqilliyi dövründə belə hal baş verməmişdi”-deyə R.Musabəyov qeyd edib. 

Deputat bildirib ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və onun üzvləri yeni qanunların qəbulu təşəbbüsü ilə çıxış etmirlər. Konstitusiyaya əsasən beynəlxalq siyasətin müəyyən etməsi ölkə prezidentinin səlahiyyətinə aiddir. 

”Odur ki, nə üçün qanunvericilik təşəbbüsü ilə çıxış etməməyimin sadə izahı var. Bizim komitənin digər  üzvləri (onların arasında bir neçə çağırışın deputatıdırlar var), mən biləni, qanunverici təşəbbüsü ilə çıxış etməyiblər. 
Deputat olaraq fəaliyyətim vacib hissəsi müxtəlif  beynəlxalq təşkilatlarda və tədbirlərdə parlamentimizi təmsil etməkdir.  Ötən 2012-ci ildə xaricdə keçirilən 8 tədbirdə, Bakıda keçirilən 7 beynəlxalq toplantıda iştirak etmişəm. Bu müddət ərzində bizim ölkədəki diplomatik korpus nümayəndələri ilə (səfirlər, onların müavinləri və ya müşavirləri), Bakıya xaricdən  qonaq gələn siyasətçilər, ekspertlərlə 30-dək görüş keçirmişəm”.

Seçicilərlə görüşlər  məsələsinə gəldikdə isə, Rasim Musabəyov bildirib ki, ötən il ərzində 12 böyük (bir neçə yüz iştirakçı) və lokal (onlarla iştirakçı) rayon tədbirlərində iştirak edib.  İnsanlar onu tanıyır və müsbət qarşılayırlar.  Hər bir müraciət edən seçici qəbul olunub, onların məktub və müraciətləri baxılması, həll olunması üçün  müvafiq dövlət orqanlarına yönəldilib, zəruri hallarda isə nəzarətə götürülüb.  

“Mən anlayıram ki, plenar iclaslarda olduqca az çıxış etməyim parlament müxbirlərində narahatçılıq  yaradır. Onlar istərdilər ki,  çıxış və  bəyanatlar səsləndirməklə, reportajlar hazırlamaq üçün gündəmə əlavə mövzu verim. Etiraf etməliyəm ki, bir sıra həmkarlarım “düymə” basmaqda o qədər ustalaşıblar ki, onlara çatmaq mümkün deyil. Hər halda çıxış etmək üçün yazılanda  bir dəfə də olsun ilk onluğa daxil ola bilməmişəm və növbə mənə çatmayıb.  Buna görə elədə həyəcan keçirmirəm.  Ona görə ki, plenar iclasdakı  çıxışların (xüsusilə gündəlik qabağı)  və təkliflərin əksəriyyəti hər hansı bir nəticəyə gətirib çıxartmır, və ona hesablanır ki, növbəti gün qəzet və ya televiziya xəbərlərində bu barədə məlumat getsin. Mənim isə buna ehtiyacım yoxdur.

Dünyada və ölkədə hər hansı bir hadisə baş verirsə, mən dərhal televiziyada, yerli və beynəlxalq informasiya agentliklərinə  geniş şərh verirəm. Əgər hadisə mühüm xarakter daşıyırsa radio və tele-efirə dəvət olunuram və  geniş müsahibə verirəm. 2012-ci il ərzində 300-dən artıq yerli və xarici televiziya və radioda şərhlər vermişəm, böyük proqramlarda iştirak etmişəm.  Müxtəlif qəzet və internet nəşrlər üçün 250-dən artıq müsahibə və şərh vermişəm. Azərbaycan, rus və ingilis dillərində Google internet-axtarış sistemində mənim adımla bağlı 200 mindən artıq istinad tapa bilərsiniz.  Odur ki, hadisələrə dair münasibət və fikir ifadə etməkdən çəkinməyim barədə qınağı əsassız sayıram. Yalnız deputat həmkarlarım və KİV qarşısında özünü göstərmək naminə çıxış etməyi lüzum görmürəm.  Mənim siyasi və həyat təcrübəm göstərir ki, hökumət və hakim çoxluğuna təkliflər və  məsləhətləri tənqidi formada deyil, işçi qaydada  çatdırılması daha effektivdir.

Yekun olaraq jurnalistləri əmin etmək istəyirəm ki,  tənqidə görə hər hansı bir narazılığım yoxdur. Mənim KİV-lərlə   münasibətim dayımı qarşılıqlı hörmət əsasında olub.  Bunun göstəricisi kimi 2006-2008-ci illərdə Respublika Mətbuat Şurasına üzv seçilməyimi, 2010-cu ildə isə “Media açarı” mükafatı ilə təltif olunmağımı göstərə bilərəm. Ümid edirəm ki, prinsiplərimizə,  davranış  və hərəkət qaydalarımıza sadiq qalaraq xoş münasibətlərimizi  qoruyub saxlaya biləcəyik”.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi