Modern.az

Rüstəm İbrahimbəyovla bağlı BƏYANAT verildi

Rüstəm İbrahimbəyovla bağlı BƏYANAT verildi

Təhsil

6 Fevral 2013, 11:54

Azərbaycan Kinematoqrafçılar İttifaqına və onun sədri Rüstəm İbrahimbəyova qarşı təzyiqlərə etiraz əlaməti olaraq bir qrup şəxs tərəfindən bəyanat verilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin imzaladığı bəyanatda Rüstəm İbrahimbəyovun və onun sədri
olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının təqib olunması kəskin şəkildə qınanıb və bu basqılar birləşmə və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilib. Modern.az-a daxil olan bəyanatda deyilir:

”Rüstəm İbrahimbəyov artıq bir neçə ildir ki, Azərbaycanın ən tanınmış ziyalılarından biri kimi hazırkı hakimiyyətin yürütdüyü siyasəti və məmurların fəaliyyətini tənqid edir, son dövrlərdə bu tənqidlər bir az da kəskinləşmiş və artmışdır. Məhz İbrahimbəyov tərəfindən tənqidlərin artması və xüsusuilə də seçkilərlə bağlı açıqlamaların verilməsi nəticəsində ona və onun rəhbərlik etdiyi vətəndaş cəmiyyəti təşkilatına basqılar da genişlənmişdir.
Kinematoqrafçılar İttifaqında 2012-ci il noyabrın 20-dən təkrar şəkildə aparılan yoxlamalardan sonra dekabrın 27-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin
213.1-ci maddəsi üzrə cinayət işi başlanılıb. Azərbaycan
Kinematoqrafçılar İttifaqının üzvü, 2009-cu ildə “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üzrə səlahiyyətli nümayəndə olmuş Lalə Əfəndiyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə
ittiham elan edilib. Yanvarın 18-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin 10 əməkdaşı Kinematoqrafçılar İttifaqında axtarış aparıb və surətləri Vergilər Nazirliyinə əvvəllər təqdm edilmiş
sənədləri yenidən yığıb aparıblar. Yanvarın 23-də İttifaq heç bir səbəb göstərilmədən, sənəd təqdim olunmadan və qabaqcadan xəbərdar edilmədən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Hökümət Evində yerləşən ofisindən çıxarılıb. Rüstəm İbrahimbəyov 2012-ci il dekabrın 30-da Moskvadan Bakıya gələrkən hava limanının sərhəd məntəqəsində onun diplomatik pasportunu və ümumvətəndaş pasportunu alıblar və nəyinsə araşdırıldığını deyiblər. İki saaatdan artıq müddət keçdikdən sonra İbrahimbəyov sərhəddən buraxılarkən ona bildirilib ki, o Ali Baş Komandanı saymadığı, hörmət etmədiyi üçün onlar da İbrahimbəyovu saymırlar. 2013-cü
il yanvarın 21-də İbrahimbəyov Bakıdan gedərkən yenə də Bakı aeroportunun sərhəd məntəqəsində maneə ilə üzləşib. Keçiddə ona bildiriblər ki, texniki problem var və o gözləməlidir, yalnız uçuşa yarım saat qalmış o sərhəddən buraxılıb. Bundan əlavə, Azərbaycan telekanallarının əksəriyyətində və hakimiyyətin nəzarətində olan qəzetlərdə son həftələr ərzində Rüstəm
İbrahimbəyov barədə qarayaxma kampaniyası başlanılıb və o heç bir fakt gətirilmədən müxtəlif mənimsəmələrdə ittiham edilir, ona məxsus olduğu iddia edilən mənzillər, opfislər və şirkətlərin adları çəkilir.
Kinematoqrafçılar İttifaqının üzvlərinə qarşı təzyiq və hədələrin edilməsi barədə məlumatlar var.
Biz bəyan edirik ki, Kinematoqrafçılar İttifaqına açılan cinayət işi və İttifaqın ofisdən bu qaydada çıxarılması, o cümlədən İbrahimbəyovun özünə qarşı yönəlmiş addımlar  qanunsuzdur və birbaşa olaraq Rüstəm
İbrahimbəyovun tənqidi fikirləri ilə bağlıdır. Hesab edirik ki, Azərbaycan hakimiyyəti onu tənqid edən səsləri boğmamalı, əksinə tənqidlərdən nəticə çıxarmalıdır”.

Bəyanat müəllifləri Azərbaycan hakimiyyətindən Kinematoqrafçılar İttifaqına və onun sədri
Rüstəm İbrahimbəyova qarşı təzyiqlərə son qoymağı, ölkə Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlərdə təsbit edilmiş
birləşmək və ifadə azadlıqlarına hörmət etməyi tələb ediblər. Bəyanatı aşağıdakı şəxslər imzalayıblar:

Rəşid Hacılı, Media Hüquqları İnstitutu
Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
İlqar İbrahimoğlu, Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzi
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi
İradə Cavadova, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi
Ziya Quliyev, Hüquqi Təşəbbüslər Mərkəzi
İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyəti
Leyla Yunus, Sülh və Demokratiya İnstitutu
Firudin Allahverdi, bəstəkar
Elmir Mirzəyev, bəstəkar
Rəhman Bədəlov, kulturoloq
Zəfər Quliyev, politoloq
Camal Əli, musiqiçi
Gündüz Ağayev, karikaturaçı
Tora Ağabəyova, rəssam
Tural Hacı, foto/video qrafikaçı
Aynur Zərrintac, bloqçu
İlkin Qəmbər, minval.az portalının baş redaktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir