Modern.az

Brüssel görüşündən sonra regionda nə dəyişəcək - GÖZLƏNTİLƏR

Brüssel görüşündən sonra regionda nə dəyişəcək - GÖZLƏNTİLƏR

Ölkə

10 Aprel 2022, 13:01

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra Şarl Mişelin bəyanatı yayılıb. Bəyanatda danışıqların müsbət nəticələndiyi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ikitərəfli komissiyanın çağırılacağı və sülh sazişinə hazırlıqla bağlı tərəflərin razılığa gəldiyi qeyd olunub.

 

Görüşün nəticələrini şərh edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlunun fikrincə, prosesin mahiyyətini tam analiz etmək üçün bundan öncəki görüşə nəzər salmaq lazımdır.

 

 

“Bundan əvvəl, ötən il dekabr ayının ortasında ilk üçtərəfli görüş keçirilmişdi. Bu görüş zamanı Ermənistan sülh sazişi imzalamağa meyilli olduğunu nümayiş etdirdi. Hətta sərhədlərin delimitasiya və demarkasiyası üçün işçi komissiyanın yaradılmasına müsbət yanaşdı. Amma görüşdən indiyə kimi Ermənistan addım atmayıb. Əksinə, bu müddətdə ATƏT-in Minsk qrupunu yenidən prosesə cəlb etmək istəyini gördük.

 

Yaxşı xatırlayırıq ki, Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı Ermənistan yenə spekulyasiyalar edirdi. Bundan Azərbaycana qarşı şantaj vasitəsi kimi istifadə etmək niyyətində idi. Azərbaycan isə Naxçıvanla quru əlaqəsinin yaradılması üçün İranla razılaşma əldə edəndən sonra Ermənistanın bu şantaj vasitəsi də əlindən çıxmış oldu. Bir sözlə, Azərbaycan özünün unikal siyasi gedişləri ilə Ermənistanı manevr imkanlarından tam məhrum etdi. İndi rəsmi İrəvan yeganə çıxış yolunun qaldığını anlayır. Bu yol isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, - deputat Brüssel görüşündən danışıb.

 

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Brüssel görüşü Azərbaycanın öz mövqeyini bir daha qəbul etdirməsi baxımından, olduqca əhəmiyyətli keçdi:

 

“Başlıca yadda qalan məsələ tərəflərin XİN rəhbərlərinə yekun sülh sazişi üzərində işləməyi tapşırması idi. Aprelin sonuna kimi işçi qrup yaradılmalıdır. Daha əvvəl bu qədər konkretlik nümayiş edilməmişdi. Digər məqam isə sərhədlərin delimitasiya və demarkasiyasının aparılması idi. Hesab edirəm ki, yekun sülh sazişinin imzalanması üçün bunlar prinsipial addımlardır.

 

Azərbaycan öz haqlı mövqeyini bir daha uğurla müdafiə etdi. Yekun sülh sazişinin hazırlanması zamanı mübahisə doğuran məsələlərə aydınlıq gətirilməsi nəzərdə tutulacaq. Buna daha çox diqqət yetirmək lazımdır. Ermənistan üçün mübahisəli məqamlar nələrdir – bu sualın cavabı vacibdir. Ermənistan status üzərində israr etməyəcəksə, digər məsələlərin həlli asan olar”.

 

 

Deputat Vüqar İskəndərov isə Azərbaycanın regionda daimi sülhün əldə edilıməsi üçun konkret təkliflə, 5 bəndlik baza prinsipi ilə çıxış etdiyini xatırladıb. Aprelin 6-da keçirilən və 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün yekununa dair bəyanata nəzər salanda biz görürük ki, orada məhz bu baza prinsipi müzakirə mövzusu olub. Bu isə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.

 

V. İskəndərov qeyd edib ki, Brüssel görüşü iki məqam baxımından da diqqəti çəkdi:

 

“Bunlardan birincisi odur ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. İkinci məqam isə odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Elə son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar da dövlət başçımızın dünyada böyük nüfuz sahibi olmasının sübutudur”.

 

 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu liderlərin görüşdən sonrakı ortaq bəyanatdan çıxış edərək bir neçə nəticənin əldə edildiyini söyləyib:

 

“Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə “erməni əsirlərin qaytarılması” mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır.

 

İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub. Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

 

Üçüncüsü, bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamaq tapşırılması qərara alınıb.

 

Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər”.

 

Politoloq qeyd edib ki, liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur:

 

“Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsiylə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və İttifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalanması prosesini sürətləndirməsinə ehtiyac var.

 

Beləliklə, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir. Ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara başlanılması zərurəti İkinci Qarabağ müharibəsindən sonra bir neçə bəyanatda əks olunub. Buna baxmayaraq, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Dəhliz məsələsində də irəriləyiş yoxdur. Liderlər birinci dəfə Brüsseldə 2021-ci ilin dekabrın 14-də görüşmüşdülər. O zaman qəbul olunan ortaq bəyanatda dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu. Üstündən 3 aydan çox vaxt keçib və İrəvan heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmiryolunun çəkilməsiylə bağlı Tehranla memorandum imzaladı.

 

Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək”.

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama