Xəbər verdiyimiz kimi, Bakıda “Location” gecə klubunda yaralanan 21 yaşlı Ayxan Fətullazadə bu gün dünyasını dəyişib. Özəl tibb müəssisəsində müalicə alan gəncin vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Modern.az-ın məlumatına görə, Ayxan Fətullazadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olub.
O, universitetin İnşaat-texnologiya fakültəsində təhsil alırdı. Ayxan dərslərlə yanaşı, gecə klubunda ofisiant işləyirmiş.
Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Hadisədən sonra 3 nəfər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Beləliklə, həlak olanların sayı 4 nəfərə çatıb.