Modern.az

Mübariz Qurbanlı: “Bu bizi çox təəssüfləndirir və xalqda haqlı narazılıq yaradır”

Mübariz Qurbanlı: “Bu bizi çox təəssüfləndirir və xalqda haqlı narazılıq yaradır”

6 Fevral 2013, 13:04

«Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edir və sülhə nail olmaq üçün böyük səylər göstərir. Lakin Ermənistan tərəfi əks mövqe numayiş etdirir və təxribatlarını davam etdirir». Modern.az bildirir ki, bu fikirləri hakim partiyanın saytına verdiyi açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan tərəfi bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Ona görə də, ölkəmiz ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla danışıqların davam etdirilməsinin tərəfdarıdır. «Doğrudur, Azərbaycan tərəfi Minsk qrupunun sülh prosesinə təsir imkanlarının daha da artırılmasını zəruri hesab edir. Bu mənada onun fəaliyyətindən narazıdır. Amma bütövlükdə biz danışıqlar prosesində iştirakdan heç zaman imtina etmək xəttini götürməmişik» deyə o, qeyd edib.

 Hazırda dünya siyasətində mürəkkəb proseslərin getdiyini deyən M.Qurbanlının sözlərinə görə, beynəlxalq müstəvidə ikili standartlar açıq şəkildə müşahidə olunmaqdadır.

«Bir tərəfdən bu və ya digər ölkələrə qarşı koalisiya yaradılaraq həmin ölkələrə hərbi müdaxilədən çəkinmirlər. Digər tərəfdən, təcavüzkar şirnikləndirilir və yaxud da təcavüzkara hansısa formada təzyiqlər göstərilmir. 20 ildir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə bütün mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər talan olunub, infrastrukturlar məhv edilib. Bütün bunların fonunda biz beynəlxalq təşkilatların – BMT-nin, ATƏT-in və digər qurumların ermənilərin işğalına ciddi və əsaslı şəkildə reaksiya vermədiyini görürük. Bu hadisələr haqqında beynəlxalq təşkilatlar Azərbaycan tərəfindən məlumatlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası, həyata keçirdiyi siyasət ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Amma hələ də aparıcı dövlətlərin, xüsusilə həmsədrlərin qətiyyətli mövqeyini görmürük. Bu bizi çox təəssüfləndirir və Azərbaycan xalqında haqlı narazılıq yaradır, beynəlxalq təşkilatlara inamı sarsıdır» - deyə M.Qurbanlı vurğulayıb.

 A.RÜSTƏMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir