Azercell jurnalistlər üçün pulsuz rus dili kursları da təşkil edə bilər. Bu haqda şirkətin prezidenti Kiril Qaburiç ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, hazırda yalnız Azercell məhz media nümayəndələri üçün hazırlanan tarif paketini tətbiq edir. Bundan əlavə, şirkət tərəfindən KİV işçiləri üçün müxtəlif seminarlar, təlimlər təşkil olunur: “Hazırda jurnalistlər üçün pulsuz ingilis dili kursları keçirilir. Bu ənənə neçə illərdir ki, davam edir. Amma sizdən təklif gözləyirik. Bildiyim qədər, rus dili kurslarının yaradılması təklifi də vardı. Təşəbbüslərə açığıq”.
Mətbuat konfransında açıqlanan rəqəmlərə görə, 2012-ci ildə Azercell Telekom MMC qeyri-neft sektorunda ən böyük vergi ödəyicisi olub. Belə ki, tən il şirkət dövlət büdcəsində 90 milyon manat vergi ödəyib. Azercell-in fəaliyyət göstərdiyi 16 il ərzində bu rəqəm 925 milyon manatdır.
Hazırda Azərbaycanda ən sürətli mobil interneti məhz Azercell təqdim edir. Bu, Ookla şirkətinin sürət testləri nəticəsində də təsdiqlənib. Şəbəkəsi ölkə əhalisinin 99,8 faizinin əhatə edən Azercellin abunəçi sayı 2012-ci ildə 4,4 milyonu keçib. 16 il ərzində Azercell ölkədə telekommunikasiyanın inkişafına 1 milyard manat (2012-ci ildə 100 milyon manat) sərmayə yatırıb. Ötən il sosial layihələrə 1,6 milyon manat xərclənib.
Kiril Qaburiç onu da bildirib ki, Azercell 2013-cü ilə çox iddialıdır. Mobil Nömrə Daşınması xidmətinə tam hazır olan Azercell bu il də ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda davam edəcək.
Mətbuat konfransında o da elan edildi ki, Azercellin Korporativ Ünsiyyət departamentinin rəhbəri Ülviyyə Həsənzadə bundan sonra fəaliyyətini “TeliaSonera International Carrier” şirkətində davam etdirəcək.
Modern.az