Bu yaxınlarda Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov Bakı-Quba yolunun təmir edilməsi üçün müraciət ünvanlayıb. Millət vəkili bununla əlaqədar Baş nazir Əli Əsədova şəxsən müraciət etdiyini xatırladıb və heç bir tədbirin görülməməsindən şikayətlənib:
"Nazirlər Kabinetinin hesabatının Milli Məclisdə müzakirəsindən sonra Baş nazirlə və müavini ilə görüşdüm. Baş nazirin müavininin, eləcə də Nazirlər Kabineti üzvlərinin - nazirlərin Qubada, Xaçmazda villaları var. Onlar gedib-gəlirlər. Ona görə, yoldakı problemləri bilirlər. Prezidentə çıxmadan Azərbaycanda bəzi məsələlər həll edilə bilmir. Mən bir daha müraciət edirəm ki, bu məsələyə baxılsın".
"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Vahid Əhmədov bu fikirləri başqa kontektsdən səsləndirib:
"O, məsələyə yolların bərbad vəziyyətdə olması kontekstindən yanaşıb. Yəni orada yüksək vəzifəli şəxslərin əmlakının olmasına baxmayaraq, yolların bərbad vəziyyətə düşməsi diqqətə çatdırılıb. Yəni o yoldan keçənlərin hamısı yüksək vəzifəli şəxslərdir. Nəyə görə bu yolun düzəldilməsi barədə düşünmürlər? Yaxud bu yol niyə bu vəziyyətə düşüb? Vaxtilə həmin yola külli miqdarda vəsait xərclənmişdi. Niyə beton yol qısa müddət ərzində istifadəyə yararsız hala gəlib? Bunun səbəbi nədir? Hesab edirəm ki, deputat daha çox bu məsələni diqqətə çatdırmaq istəyib".
Hüquqşünas bildirib ki, nə qədər ki, Azərbaycanda vəzifəli şəxslərin gəlir deklarasiyası ilə bağlı məsələ həllini tapmayıb, vəzifəli şəxslərin hansı vəsaitlər hesabına villalara sahibləndiyini mübahisələndirmək çətin olacaq:
"Yəni hüquqi əsaslar yetərli deyil. Əgər vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim olunsaydı, onda həmin şəxslərin bu cür villalara necə malik olduğu aydınlaşardı. Yalnız o halda həmin vəsaitlərin, gəlirlərin mənbəyi nədir, hardan əldə edilib, bəlli ola bilər. Ona görə də bu gün belə suallara cavab vermək imkanlarını qanunvericilik məhdudlaşdırır. Mövcud qanunvericilik şəraitində bu suallara cavab vermək çətindir. Vəzifəli şəxslərin bu və ya digər əmlaka malik olmasının mənbəyini soruşanda o, buna cavab verməyə bilər. Çünki cavab verməyə məcbur edə biləcək bir hal yoxdur".
Ə.Nuriyevin sözlərinə görə, Prezident tərəfindən imzalanmış 2022-2026-cı illərə dair korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında milli fəaliyyət planınında sözügedən məsələ öz həllini tapıb:
"Sənəddə vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyasının təqdim edilməsi ilə bağlı məsələ qeyd olunub. Orada onların gəlir deklarasiyasını elektron qaydada verməsi, maraqların toqquşmasının qarşısının alınması, qanunsuz varlanma ilə bağlı məsələlər əksini tapıb - beləliklə, qanunvericilikdəki müəyyən boşluqlar aradan qalxdıqdan sonra bu sualların cavablarını almaq mümkün olacaq. Onda hər hansı vəzifəli şəxs bu və ya digər əmlaka malik olmasını qanuni əsaslarla sübut etməlidir".
Hüquqşünas deyir ki, vəzifəli şəxslərin gəlir, həm də xərclərlə bağlı deklarasiya təqdim etməsi çox vacibdir.
"Vəzifəli şəxslərə qanunvericilikdə imtiyazlar da verilir. Lakin həm də məhdudiyyətlər var. Məsələn, niyə bu gün vəzifədə olan şəxs xaricdə əmlaka malik olmalıdır? Vəzifəli şəxsin xaricdə ofşor hesablarının, mülkünün olması onu gələcəkdə başqa ölkənin hansısa qurumunun təsiri altına düşməsinə səbəb ola bilər.
Ona görə də, mən hesab edirəm ki, yüksək vəzifəli şəxsin xaricdə əmlak sahibi olması qadağan edilməlidir. Vəzifədə olduqları müddətdə onlar xaricdən əmlak ala bilməzlər. Vəzifəyə gətirilirsə, onda xaricdə olan mülkünün kimin idarəetməsinə verilməsini bildirməlidir. Azərbaycan elə böyük dövlət deyil. Amma Azərbaycanın yerləşdiyi geosiyasi məkan elədir ki, beynəlxalq güclər, maliyyə qrupları burada hər zaman müəyyən vəzifəli şəxslərə təzyiq, təsir etməyə çalışacaqlar. Ona görə də, bu güclərin belə şəxslərə təsiretmə imkanını aradan qaldırmaq üçün bir sıra məhdudlaşdırıcı qərarlar olmalıdır", - deyə Ə.Nuriyev bildirib.
Ə.Nuriyev deyib ki, vəzifəli şəxsin Azərbaycanda qazanıb niyə başqa ölkələrdə yatırım etməsi sual doğurur:
"Azərbaycanın özünün "Böyük qayıdış"la bağlı investisya və sərmayələrə ehtiyacı var. Azərbaycan öz torpaqlarını 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edib. Azərbaycan vətəndaşlarının normal şəraitdə işləməsi üçün niyə istehsal proseslərinə vəsait qoyulmur? Pullar ölkədən çıxarılır, ofşor zonalarda saxlanır. Rusiyalı oliqarxların başına gələnlər bizim oliqarxlara dərs olmalıdır. Yəni bu ölkədə qazandığı vəsaiti bu ölkənin vətəndaşına sərf etməlidirlər.
İndi "çirkli pulların yuyulması"nın qarşısının alınması ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən çox geniş tədbirlər həyata keçirilir. Əmlak, kapital aministiyası ilə bağlı qərarın hazırlanması da düşünürəm ki, bütövlükdə ölkə vətəndaşlarına məxsus olan varidatın daha leqal şəkildə onun təsdiqinə gətirib çıxarmaq imkanlarını genişləndirəcək. Hazırda Azərbaycanda islahatlar gedir. Bu islahatlar Azərbaycanda sağlam biznes mühitinin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, ölkənin inkişafı vacibdir. Bunun üçün də ölkənin vəsaiti xaricdə yatırım kimi olmamalıdır".