Bəzi mətbuat orqanları Xətai rayonunundakı Xaqani Rüstəmov küçəsi 12/10 ünvanında yaşayan məcburi köçkünlərlə bağlı mübahisəli məsələ barədə məlumat yayıb. Bildirilir ki, Ağdam və Füzuli rayonundan olan bir qrup məcburi köçkün məskunlaşdıqları evləri itirmək təhlükəsi qarşısındadır. O da qeyd olunur ki, onlara heç bir sənəd təqdim etməyən, adlarını belə, bilmədikləri şəxslər xəbərdarlıq etmədən yaşadıqları evləri sökürlər.
Məsələyə aydınlıq gətirmək üçün Modern.az Xətai rayon İcra Hakimiyyəti başçısının I müavini Zaməddin Əkbərovla əlaqə saxlayıb. Z.Əkbərov deyilənləri təkzib edərək bildirib ki, dövlət həmin köçkünlərə mənzil verir və buna görə onlar ərazidən köçürülür. “Kim bu yalan məlumatları yayır bilmirəm, amma izacəsiz ev sökmək barədə xəbər həqiqətdən uzaqdır”.