Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən kreditlərin, eləcə də kreditlərə əlçatanlıqla bağlı müəyyən problemlər var”. Bu sözləri Modern.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadı ekspert Vüqar Bayramov deyib. O, qeyd edib ki, ən əsas problem kreditlərin verilməsi mexanizminin şəffaf olmamasıdır. “Sahibkarlara Kömək Milli Fondunun əsas vəzifəsi kiçik və orta sahibkarlara güzəştli kreditlərin təklif olunmasıdır. Fondun büdcəsi dövlət büdcəsi vəsaitləri hesabına və eləcədə əvvəllər sahibkara verilən və geri ödənilən kreditlər hesabına formalaşır. İl ərzində fond təxminən 140 milyon manata yaxın vəsaiti sahibkarlara təqdim edir. Baxmayaraq bütövlükdə Sahibkarlara Kömək Milli Fondunun fəaliyyəti, eyni zamanda Azərbaycanda sahibkarlara köməyin təklif edilməsi müsbət haldır, təəssüf ki, heç də bütün sahibkarlar həmin fonddan bərabər kredit ala bilmir. Bəzi hallarda Sahibkarlara Kömək Milli Fondundan 10 min manat almaq istəyən sahibkar illərlə gözləmək məcburiyyətində qalır. Amma qısa zamanda fəaliyyətə başlayan digər sahibkar fonddan bir neçə milyon manat vəsait ala bilir”.
V. Bayramovun sözlərinə görə, bu birmənalı şəkildə fondun vəsaitlərinin bölüşdürülməsində şəffaflıq prinsipinə tam olaraq əməl edilməməsi, eyni zamanda sahibkarlara vəsaitlərə əlçatanlığının aşağı səviyyədə olmasıdır. “Problem vəsaitlərin bölüşdürülməsi ilə bağlı mexanizmin şəffaf olmaması, eyni zamanda həmin prosesi dövlət nəzarəti ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, mətbuatının nəzarətinin zəif olmasıdır. Ona görə şəffaflığın olmamağı, nəzarətin zəif olması sahibkarların vəsaitlərə əlçatanlığında problemlər yaradır”.İqtisadçı ekspert hesab edir ki, digər problem məhz sahibkarların müvəkkil banklar tərəfindən tələb olunan sənədləri hazırlanması ilə bağlı bilik və bacarıqlarının aşağı olmasıdır. “Vəsait alınan zaman müvəkkil banklar biznes-plan tələb edir. Sahibkarların bilik və bacarıqları biznes-planı hazırlamağa imkan vermir ki, onlar fondun vəsaitlərini istifadə etməklə bağlı müraciət etsin. Bundan əlavə, sahibkarlar kreditlə təmin olunsa da fondun vəsaitlər üçün müəyyənləşdirdiyi orta illik faiz 6 faizdir. Praktiki olaraq faiz də yüksəkdir. Nəzərə alsaq ki, bu güzəştli kreditdir və bu məhz dövlət büdcəsi hesabına maliyyələşdirilən kreditdir, kommersiya krediti deyil, faiz də yüksəkdir. Faizin yüksək olması da sahibkarların həmin krediti istifadə etməsi ilə bağlı əlçatanlığına mənfi təsir göstərir”.
Vüqar Bayramov bildirib ki, sahibkarların fondun kreditlərindən tam olaraq istifadə edə bilməməsi və əlçatanlığının aşağı olması həm fondun fəaliyyəti ilə bağlıdır. “Eyni zamanda sahibkarların kreditlərdən istifadə ilə bağlı bilik və bacarıqlarının zəif olması ilə əlaqədardır. Apardığımız monitorinqlər, xüsusilə regionlarda sahibkarlar vəsaitlərin bölüşdürülməsi ilə bağlı apardığımız danışıqlarda məhz bu tip problemlərin olması üzə çıxıb”, – deyə iqtisadçı ekspert əlavə edib.
Aytən Əliyeva