Modern.az

Niyə kurikulumun ləğv olunmasını istəyirik?

Niyə kurikulumun ləğv olunmasını istəyirik?

Təhsil

14 Aprel 2022, 09:32

Təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə imzaladığı əmr ictimaiyyətdə çaşqınlıq yaratdı. Nazirin əmri kurikulumun ləğvi kimi qiymətləndirildi və insanlar arasında qısamüddətli sevincə səbəb oldu.

 

Nazirlik isə açıqlama yayaraq bildirdi ki, söhbət kurikulumun ləğvindən yox, yenilənməsindən gedir.

 

Bəs, insanlar niyə kurikulumun ləğv olunmasını istəyir?

 

Modern.az bu sualla təhsil ekspertlərinə müraciət edib.

 

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov söyləyib ki, kurikulum kəlməsi insanlara əcnəbi bir söz kimi gəlsə də, bu, tədris proqramı deməkdir.

 

 

Ekspert deyib ki, tədris proqramı sovet sistemində daha fərqli idi:

 

"Ancaq Azərbaycan müstəqilik əldə etdikdən sonra inkişaf etmiş ölkələrin tədris proqramını əhatə edən bir  sistem- kurikulum sistemi üzrə çalışmalara başlanıldı. Bu tədris proqramı məktəbdə verilən biliklərin bir-biri ilə bağlantılı olması, şagird, şəxsiyyət yönümlülük inkişaf və fənlərarası inteqrasiya deməkdir. Sovet sistemində bu yox idi, daha çox bilik və bacarıqların əzbərlənməsi, informasiyanın ötürülməsi var idi. Hazırda Azərbaycanda 22 fənn üzrə orta məktəbdə kurikulum üzərində tədris aparılır. Müəllimlər tərəfindən reaksiya olması ənənəvi təhsil metodundan vaz keçməyə görədir. Kurikulum hər fənnin yol xəritəsidir”.

 

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu - kurikulum  gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi

 

Ekspert qeyd edib ki, kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirə bilmədi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı:

 

“Halbuki kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir.Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi  necə tətbiq etməyi öyrəniblər və onlar bunu mənimsəyiblərsə, yeni sistemdə belə ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki,  müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil”.

 

 

Ekspert hesab edir ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir:

 

“Çünki kadrlar əmək bazarına universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurikulumu, müasir təhlil, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır. Təsəvvür edin, 2017,2018 və 2019-cu illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”, “BSQ”, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar kurukuluma hazırlaşmamalıdırlar. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçir”.

 

K.Əsədovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, orta məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar:

 

“Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər. Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla kurikulum öyrənmək olmaz, təhsil nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə kurikulumu mənimsədə bilmərik. Hesab edirəm ki, kurikulum təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi, digər qurumlardan fərqli olaraq, bu işi daha peşəkar səviyyədə təşkil edər. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirirlər.

 

Ümumiyyətlə, "Kurikulumu ləğv etmək və ya bu özünü doğrultmadı kimi" ifadələri düzgün hesab etmirəm. Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşmaq lazımdır. "Kurikulumu ləğv edək" deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ... Sistemin bu cür olmasının yeganə səbəbi orta məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamasıdır. Həyati bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı".

 

Kurikulum bizə nə qazandırdı, nə aldı?

 

K.Əsədov deyib ki, kurikulum bizə təlim alma, təlimə getmə mədəniyyəti, təlimçilər, şagirdmərkəzli təlim-tədris, müəllimin müasir tədrisdə yeni fasilitasiya rolunu anlamasını, təlim və tədrisdə müxtəlif üsullar, əyaniliyin artmasını qazandırdı.

 

Ekspertin fikrincə itirilənlər isə maddi vəsait, klassik müəllim özünəməxsusluğu, kurikulumun bəzi müəllimlər tərəfindən anlaşılmazlığı səbəbi ilə standart müəllim yanaşmasının formalaşmasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi