Prezident İlham Əliyev nazirlərlə dünənki müşavirədə son vaxtların gündəmi olan bir məsələdən - Ordumuzun Fərrux dağında mövqe tutmasından danışıb. Ölkə başçısı ilk dəfə Qarabağdakı Fərrux kəndinin və Fərrux yüksəkliyinin nəzarətə götürüldüyünə aydınlıq gətirib.
Prezident deyib ki, Azərbaycan Ordusu Fərrux yüksəkliyini nəzarətə götürməsəydi, oradakı silahlı separatçılar daim Ağdam şəhərinə və su anbarlarına təhlükə yaradacaqdı. İlham Əliyev buna görə də Fərrux dağının Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Prezident Fərrux dağının ətəyində yerləşən Xaçınçay su anbarının və bu anbardan ayrılan 7 kilometr uzunluğundakı kanalın təmir olunacağını qarşıdakı vəzifələr sırasında dayandığını söyləyib.
“Bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var, - Prezident deyib.
Xocalı rayonunun Fərrux kəndinin adı son vaxtlar Azərbaycan və Ermənistan mətbuatının gündəmindən düşmür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan hərbçiləri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ keçirib, bu yaşayış məntəqəsi ətrafındakı Fərrux dağında (1145 metr) – oradakı Daşbaşı yüksəkliyində (1050 metr) mövqe tutub.
Azərbaycan hərbçilərinin yeni dislokasiya yerlərində qərar tutmasından sonra ermənilər Xocalının həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini (ermənilər Xramort deyirlər - red.) tərk etməyə məcbur olublar.
Fərrux dağındakı yeni mövqe nəticəsində Xocalı rayonunun Xanabad və Sərdarkənd yaşayış məntəqələrinin də Ordumuzun vizaul nəzarəti altına düşdüyü bildirilir.
Bu səbəbdən də Azərbaycan ordusunun Fərrux kəndi istiqamətindəki yeni mövqelərdə möhkəmlənməsi erməniləri ciddi şəkildə narahat edib.
Ermənistan tərəfi fevralın 24-dən ta bu günə kimi həm hərbi, həm də diplomatik kanallardan istifadə etməklə Azərbaycan hərbçilərinin Fərrux kəndi istiqamətindən əvvəlki mövqelərinə çəkilməsinə nail olmağa çalışır.
Ermənistan tərəfi bunun üçün Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqları hələ də davam etdirir.
Amma Azərbaycan Prezidenti İlham Əliyev dünənki açıqlaması ilə demək olar ki məsələyə nöqtə qoydu. Bu o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrinin geri çəkilməsi daha mümkün deyil.
İllər sonra Azərbaycan hərbçilərinin nəzarətinə keçən və xüsusi strateji əhəmiyyətə malik yerlər sayılan Fərrux kəndi, eləcə də onun ətrafındakı Daşbaşı yüksəkliyi Əsgərandan 16 km, Xankəndidən 32 km aralıda yerləşir.
Fərrux dağı hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün xüsusi əhəmiyyətli ərazi sayılır.
Fərrux ətrafındakı yüksəkliklərin geri alınması ilə Ağdamın bir sıra kəndi düşmənin vizual nəzarətindən çıxarılıb.
Hərbi ekspertlərin fikrincə, Fərrux kəndindən Xankəndinə birbaşa yolun olması, eləcə də ətrafdakı Daşbaşı yüksəkliyindən həm Ağdam, həm də Əsgəran və Xocalı istiqamətinə vizual nəzarətin mümkünlüyü bu yerlərin strateji əhəmiyyətindən xəbər verir.
Fərrux dağına nəzarət sayəsində Ağdam ərazisindəki Xaçınçay su anbarından rahat istifadə mümkün olacaq. 30 ildir ermənilər tərəfindən qarşısı kəsilən Xaçın çayına su veriləcək. Xaçın çayı Ağdam, Tərtər, Bərdə əhalisi üçün çox əhəmiyyətlidir. Xaçına su gəlsə Sultanbud meşəsinin tamam məhv olmasının qarşısı da alınacaq.
Modern.az-ın məlumatına görə, Xaçınçay su anbarı Ağdam rayonundakı Xaçınçay üzərində yerləşir. Su anbarı əkin sahələrinin suvarılması üçün su ehtiyatının təmin edilməsi məqsədilə Azərbaycan höküməti tərəfindən 1964-cü ildə istismara verilmişdi.
1993-cü ildə Ağdam rayonunun ermənilər tərəfindən işğalı 27 il ərzində Azərbaycanın bu su anbarından istifadəsini əngəlləmişdi.
2020-ci ilin sonunda Ağdamın işğaldan azad edilməsi nəticəsində Xaçınçay su anbarı da Ordumuzun nəzarətinə keçmişdi. Lakin yaxınlıqdakı yüksəklik ermənilərdə olduğundan əraziyə onlar vizual nəzarət edirdilər.
Bu il martın 24-dən sonra vəziyyət əksinə dəyişib.
Xaçınçay su anbarında bəndin hündürlüyü 44 m, uzunluğu 940 m və su anbarının ümumi tutumu 23 milyon kubmetrdir. Anbarın maksimal dərinliyi 37 metrdir. Burada su səthi dəniz səviyyəsindən 507.4 m yüksəklikdədir.
Su anbarı işğaldan əvvəlki dövrdə 8 min hektar torpaq sahəsinin suvarılmasında, eləcə də Ağdam şəhərinin və şəhərətrafı yaşayış məntəqələrinin su təminatında böyük rol oynayıb.
Ağdam rayonu işğaldan azad edildikdən sonra su hövzələrinin monitorinqi üzrə işçi qrupu tərəfindən 2021-ci ilin fevral ayında Xaçınçay su anbarında monitorinq keçirilib və anbarın vəziyyəti qiymətləndirilib.
Hazırda Xaçınçay su anbarı bərpa olunur. 30 ilə yaxın bir müddətdə işğal altında olan anbar baxımsız vəziyyətdə saxlanıldığından və orada heç bir təmir-bərpa işləri görülmədiyindən yararsız vəziyyətdədir.
Rəsmi məlumata görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mütəxəssislər anbarda təmir-bərpa işləri üçün yerində baxış keçirib, smeta-layihə işləri hazırlanıb. Ərazidə minatəmizləmə işləri də artıq yekunlaşıb.
Bildirilir ki, bəndin özündə təmir-bərpa işləri görüləcək, eyni zamnda suötürücü qapı və suaparıcı kanal beton örtüyə alınmaqla 30 kilometrlik kanalda təmir işləri aparılacaq.
Mütəxəssislər düşünürlər ki, bərpa işlərindən sonra anbarın su təminatı potensialı da artacaq.
Hazırda anbardan istifadə edilmir. Məlumatlara görə, 23 milyon kubmetr su tutumuna malik olan anbarda indi suyun səviyyəsi 12-13 milyon kubmetrə enib. Bunun da səbəbi odur ki, heç bir iş görülmədiyindən anbar tamamilə yararsız vəziyyətə düşüb.
A.Qorxmaz