Modern.az

Bu il bizi böyük perspektivlər və imkanlar gözləyir

Bu il bizi böyük perspektivlər və imkanlar gözləyir

13 Aprel 2022, 18:47

“2022-ci ilin birinci rübünün sosial iqtisadi yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident görülən işləri qiymətləndirdi, qarşıda duran vəzifələri hökumətə bəyan edərək xalqımıza bu barədə geniş məlumat verdi”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

 

Onun sözlərinə görə, Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək, bunu müsbət dinamika adlandırıb:

 

“Xüsusilə Prezident postpandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə olunduğunu, ümumdaxili məhsulun 6,8 faiz artdığını, qeyri-neft sektorunda artımın 10 faizdən, qeyri-neft sənayesində isə artımın 18 faizdən çox olduğunu qeyd etdi. Eyni zamanda, Prezident xarici ticarət balansının müsbət saldoda olduğunu və birinci rübdə 5,1 milyard manat əlavə müsbət saldonun qeydə alındığını vurğuladı. Bununla yanaşı, qeyd edə bilərik ki, Azərbaycanın xarici borcunun 18 faizdən 12, 5 faizə qədər azalması bizim iqtisadiyyatımızın güclü göstəricisidir. Həm vergi, həm də gömrük orqanları tərəfindən büdcəyə yığılan vəsaitin məbləği artmışdır”.

 

“Cənab Prezident müşavirədə postmüharibə dövründə görülən işlərə və görüləcək işlərin planlarına xüsusi diqqət çəkdi. Bildirildi ki, ötən il ərzində əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, təhlükəsizlik vəziyyəti və əsas infrastruktur layihələrinin hazırlanması idi. Biz bu işləri böyük müvəffəqiyyətlə yerinə yetirdik. Bununla yanaşı, mövcud reallığı dünya birliyinə çatdırmaq və qəbul etdirməkdən ibarət vəzifəni də həyata keçirdik. Artıq "Dağlıq Qarabağ" deyə bir məhfumun olmadığını və Azərbaycanın  özünün bu məsələni həll etdiyini dünyaya göstərdik. Bundan sonrakı mərhələdə isə sərhədlərin delimitasiya və demarkasiyası, böyük sülh sazişinin imzalanması, nəqliyyat dəhlizlərinin açılması, bütövlükdə götürüləndə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı məsələlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdı”,- deyə komitə sədri vurğulayıb.

 

M.Quliyev, həmçinin qeyd edib ki, 2022-ci ildə qarşıda Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi kimi olduqca böyük vəzifələr durur:

 

“Bu məqsədlə büdcədən 2 milyard 2 yüz min manat vəsait ayrılıb. Birinci rübdə bunun yalnız 300 milyon manatı xərclənib. Qarşıda daha böyük işlər durur. Cənab Prezident bu işlərin də istiqamətlərini və həcmini vətəndaşlarımızın diqqətinə çatdırdı. Azərbaycan vətəndaşlarına geniş məlumat verdi. İlk növbədə biz azad olunmuş şəhər və rayonların Baş Planlarını hazırlayacağıq. Zəngilanın Ağalı kəndində artıq "Ağıllı kənd" layihəsi tamamilə başa çatıb. Yəqin ki, bu il keçmiş məcburi köçkünlərimizin qayıdışını qeyd edəcəyik. Bu il Zəngilanda hava limanının açılışı da nəzərdə tutulur. Bu, çox böyük siyasi, hərbi, iqtisadi əhəmiyyət daşıyan bir məsələdir. Yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi də bu il qarşıda duran çox ciddi planlar sırasındadır.

 

Qarabağda və Şərqi Zəngəzurda ermənilər çaylar üzərindəki 30-dan çox kiçik su elektrik stansiyalarının hamısını dağıtmışlar. Onların bərpası priorotetdir. Bununla yanaşı günəş və külək su elektrik stansiyalarının qurulması, ekoloji təmiz enerjinin alınması vacib şərtlərdən biri olacaq. Qarabağda və Şərqi Zəngəzurda otellər, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin tikilməsi, sənaye parkların qurulması qarşıda duran vəzifələrdəndir. Bunların hamısının öhdəsindən çox uğurla gələcəyik”.

 

Komitə sədri, daha sonra Zəngəzur dəhlizinin açılmasından söz açaraq deyib:

 

“Cənab Prezident İran üzərindən Zəngilanla Naxçıvanı birləşdirəcək körpülərin salınması, dəmiryolu və quru yolun çəkilməsi layihələrini yüksək qiymətləndirdi. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, ermənilər nə qədər tez ağıllarını başlarına yığıb, layihəni həyata keçirsələr, bu onların özləri üçün xeyirli olacaq.

 

Heç şübhəsiz ki, su ehtiyatlarından səmərəli istifadə məsələsi də diqqətdən kənarda qalmadı. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycanın böyük şirin su ehtiyatları var. Orada bizim çaylarımız mövcuddur. Bu çayların üzərində həm su elektrik stansiyalarının qurulması, həm suvarma məqsədilə kanalların çəkilməsi, həm də böyük su hövzələrinin yaradılması əsas vəzifələr sırasındadır. Biz bu işlərin öhdəsindən uğurla gələcəyik. Bütövlükdə, indiyə kimi görülən işləri cənab Prezident yüksək qiymətləndirdi və hökumət üzvlərinin vəzifələrini xatırlatdı. Ümumilikdə, deyə bilərəm ki, bu il bizi böyük perspektivlər və imkanlar gözləyir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI