Ötən gün Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankına yeni sədr təyin etdi. Dövlət başçısının sərəncamına əsasən 39 yaşlı Taleh Kazımov baş bankir postuna gətirildi. O yeni vəzifəsində Elman Rüstəmovu əvəzlədi. Bununla da E.Rüstəmovun 27 illik sədrliyi sona çatdı.
Mərkəzi Bankın yeni rəhbərindən gözləntilər nələrdir? Taleh Kazımov hansı yeniliklərə imza ata biləcək?
Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov yeni təyinatın uğurlu olduğunu bildirib. O hesab edir ki, T.Kazımov bank sistemində yeniliklərin tətbiqinə nail ola biləcək:
"Cənab Prezidentin təyinatını uğurlu hesab edirəm. Yeni sədrin bilavasitə Mərkəzin Bankın iş prinsipinin yeni əsaslarla qurulmasında, yeni yanaşmaların tətbiq olunmasında, eləcə də bank sistemində innovativ həllərin tətbiq olunmasında ciddi addımlar atacağını düşünürəm".
Ekspert əlavə edib ki, Taleh Kazımovun zəngin iş təcrübəsi və keçdiyi təhsil pillələri gözləntiləri doğrultmasına imkan verəcək:
"Etiraf edək ki, sadə vətəndaşların Mərkəzi Bank rəhbərinə qarşı inamı aşağı düşmüşdü. Onun “manata güvənilə bilər”, “devalivasiya olmayacaq” və s. kimi açıqlamalarına insanlar o qədər də güvənmirdi. Bunun da əsas səbəbi bir neçə il öncə devalivasiya olmazdan əvvəl söylədiyi fikirlərin özünü doğrultmaması idi. Bir sözlə, bankda ən əsas problemlərdən biri etimadsızlıqla bağlı idi, bu da sədr dəyişikliyi ilə öz müsbət həllini tapa bilər. Çünki, bank sistemində inam indeksininn yuxarı olması son dərəcə əhəmiyyətli amildir. İnamın olmaması milli valyutaya çox ciddi təzyiqlər yaradır. Bunu təcrübədə də görmüşük. Ciddi və inanılan şəxsin açıqlamaları əsassız şübhələri yox edə bilər. İnam olduğu təqdirdə psixoloji təzyiq azalar və bu da real təzyiqi azaltmış olar.
Odur ki, verilən açıqlamaların özünü doğrultması uzunmüddətli dövr üçün insanların bank sisteminə olan davamlı inamının formalaşması üçün son dərəcə vacibdir. Bu kriteriyadan olan məsələlərə son dərəcə ciddi yanaşmaq lazımdır.
Düşünürəm ki, yeni sədr bank sistemində olan çatışmazlıqların aradan qaldırılması məsələsində də öz funksiyasının öhdəsindən layiqincə gəlməklə, cənab Prezidentin doğru seçim etdiyini bir daha təsdiqləyəcək".
İqtisadçı-ekspert Xalid Kərimli ilə hazırda kapital bazarının mövcud olmadığını söyləyib. Yeni sədrdən gözləntilərə gəlincə, ekspert vurğulayıb ki, bank sektorunda bir sıra işlərin görülməsi vacibdir:
"Azərbaycanda bank sistemində işlər görülsə də, kapital bazarının formalaşmasında ciddi problemlər qalmaqdadır. Bankların fəaliyyətinin tənzimlənməsinə nəzarət, nizamlanmada işlərin təkminləşməsinə daha çox ehtiyac var. Kapital bazarı demək olar ki, yoxdur. Ölkədə pul vahidi, kapital bazarı yoxdur. Bunun formalaşdırılmasına ciddi ehtiyac var. Bankların kredit faizləri yüksək olaraq qalır. Bu istiqamətlərdə də işlər görülməlidir".
Qeyd edək ki, Taleh Kazımov yeni təyinatadək "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsində çalışıb. 27 ildən sonra Mərkəzi Bankın rəhbəri vəzifəsindən kənarlaşdırılan Elman Rüstəmov isə Baş Nazirin müşaviri vəzifəsinə gətirilib.