Modern.az

Mərhum jurnalistin adı sinif otağına veriləcək - Rəşad haqda film çəkildi

Mərhum jurnalistin adı sinif otağına veriləcək - Rəşad haqda film çəkildi

Media

14 Aprel 2022, 09:53

Aprelin 15-də Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində mərhum hərbi jurnalist, “Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (1982-2020) anadan olmasının 40-cı ildönümü (14 aprel) münasibətilə tədbir keçiriləcək.


Modern.az xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və “Poliqon” jurnalının dəstəyi ilə keçirilən tədbir çərçivəsində Rəşad Süleymanovun xatirəsinə ithaf olunan fotosərgi təqdim olunacaq.
 

Sərgidə 702 saylı briqadanın veteranı, hərbi fotoqraf Nurəhməd Vəliyevin Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşləri əks etdirən fotoları nümayiş etdiriləcək.
 

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, jurnalistlər, veteranlar, dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Tədbir iştirakçılarının çıxışları, məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri dinləniləcək.
 

Tədbir çərçivəsində Rəşad Süleymanovun adına sinif otağının açılışı olacaq. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad xatirələrdə” sənədli filmi nümayiş ediləcək.
 

Tədbirdən sonra qonaqlarla birgə Rəşad Süleymanovun qəbri ziyarət olunacaq.



Rəşad Süleymanov 1982-ci ildə Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1999-2003-cü illərdə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə daimi işə “Həftə içi” qəzetində başlayıb.

Orta məktəb illərində hüquqşünas olmaq istəyən R.Süleymanov səhv kodlaşdırma nəticəsində Jurnalistikaya daxil olub. Bu sahəyə marağını isə “Ədalət” qəzetində işləyən yaxın qohumu oyadıb. Bir müddət jurnalist kimi fəaliyyət göstərən R.Süleymanov 2004-cü ildə bu sahədən getməyi qərarlaşdırıb. Ancaq heç xoş olmayan bir hadisənin baş verməsi Rəşad Süleymanovu jurnalistikada qalmağa vadar edib.

“525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər mətbuat orqanlarında çalışan mərhum jurnalist ömrünün son illərində təsisçisi olduğu “AzəriDefence” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. O, həm də hərbi ekspert kimi çıxışlar edib. 


Rəşad Süleymanov 38 yaşında koronavirusa yoluxdu. 2020-ci ilin dekabrın 15-də bu xəstəliyə tab gətirə bilməyən hərbi jurnalist vəfat etdi.

Mərhumun 3 övladı qalıb.


A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu