Azərbaycan Ermənistanla problemlərin iki ölkə arasında həllini təklif edir. Rəsmi İrəvan isə israrla ATƏT-in Minsk Qrupunu danışıqlar masasına qaytarmağa, bununla sülh prosesini əngəlləməyə can atır. Azərbaycanın mövqeyi qətidir. Ölkə rəsmiləri Minsk Qrupuna artıq ehtiyac qalmadığını, ölü doğulmuş "həmsədrlik üçlüyünün" tarixin arxivinə yola salındığını bəyan edərək, Ermənistanı birbaşa danışıqlara dəvət edir.
Bəs İrəvan Minsk Qrupundan niyə əl çəkmək istəmir? Məqsəd nədir?
Bu barədə Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, ermənilər Minsk qrupunu "canlandırmaqla" sülhə əngəl olmağı qarşılarına məqsəd qoyublar.
“Bu, erməni xislətinə uyğun olan addımdır. Əslində, təəccüblənməməliyik. Çünki onların son yüz il istisna olmaqla dövlətləri olmayıb. Həmin yüz ildə də nökər dövlət olublar. Rusiya imperiyasının əlavəsi kimi çıxış ediblər. Onların dövlətçilik təcrübəsi yoxdur. Məhz buna görə də sərbəst fikir söyləyə bilmirlər”.
Politoloq hesab edir ki, İrəvan indi də Rusiyanın tapşırıqlarını icra edir:
“Rusiya bu və ya digər formada Qarabağda öz mövqeyini qoruyub saxlamaq istəyir. Moskva bununla Azərbaycana təzyiq göstərməyə çalışır. Ona görə də qondarma bir qurumun, əldəqayırma başçısı Arayik Artnuyan da status məsələsinə toxunur və deyir ki, əvvəl gərək, bunu de-yure alaq, sonra de-fakto olacaq. Yəni belə sərsəm fikirlər söylənilir. Bunlar hamısı birmənalı olaraq Rusiyadan gələn tapşırıqlara əsaslanır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyana gəldikdə, o da gələcəkdə Paşinyanın yerinə keçmək istəyən adamdır. Belə sərsəm fikirlər söyləməsi dərkediləndir. Ancaq Paşinyan parlamentdə 2020-ci ildəki səhvi yenidən təkrar etmək istəmədiyini bildirdi”.
C.Nuriyev hesab edir ki, Ermənistan Qarabağda heç nəyə nail ola bilməyəcək:
“Ararat Mirzoyanın Minsk Qrupu barədə fikirləri absurddur. Bu, onun təcrübəsizliyindən və erməni xislətindən irəli gəlir. Prezident İlham Əliyev artıq bildirib ki, Qarabağda olan ermənilər Azərbaycan qanunlarını qəbul edib, yaşamaq istəyirlərsə, buyursunlar. Yoxsa Azərbaycanla hansısa şərtlərlə danışmaq mümkün deyil. İstəyirlər, yenidən ATƏT-i oyatsınlar. Başa düşmürlər ki, Qarabağ məsələsi artıq geridə qalıb, hansısa statusdan danışmağın mənası yoxdur”.
C.Nuriyev qeyd edib ki, erməni separatçıları Qarabağdan çıxarılmasa, Azərbaycan antiterror əməliyyatı keçirə bilər:
“Azərbaycan yeni antiterror əməliyyatı həyata keçirə, bununla da Arayik Artunuyan başda olmaqla digər separatçıları da Qarabağdan çıxara bilər. Azərbaycanın gücü hər kəsə məlumdur. Fərrux kəndinə nəzarəti ələ almaqla, bunu bir daha sübut etdik.
Eyni zamanda Ermənistanda artıq bəzi qüvvələr birmənalı şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edir. Bildirilir ki, Qarabağ məsələsi geridə qalıb, Azərbaycanla sülhə hazırdırlar. Bu mənada Mirzoyanın nə deməsinin heç bir əhəmiyyəti yoxdur. Bizim mövqeyimiz dəyişməz olaraq qalır”.
Deputat Rasim Musabəyov də qeyd edib ki, ATƏT-in Minsk Qrupunu artıq heç kimə lazım deyil və bundan sonrakı proseslər Azərbaycanın diqtəsi ilə həyata keçiriləcək..
“Hər şey Azərbaycandan asılıdır. ATƏT danışıqlarda yoxdur. Ermənilər öz xülyalarına uyğun nağıl danışa, istədiklərini deyə bilərlər. Azərbaycan danışıqlara ATƏT-i buraxmırsa, İrəvanın açıqlamaları heç nəyi dəyişməyəcək. Ermənistan təzyiq altında olduğuna görə, belə təkliflər irəli sürür. Vəziyyətdən çıxmaq istəyirlər. Ancaq reallıq ondan ibarətdir ki, ortada konkret təkliflər var. Təkliflərin müzakirəsi üçün Ermənistan və Azərbaycan XİN-ləri, xüsusi nümayəndələr danışıqlar aparacaq. Avropa İttifaqı Şurası tərəfindən Şarl Mişel tərəfindən müəyyən addımlar atılır. Məncə, digərləri artıq istirahət edə bilər”.