Xəbər verdiyimiz kimi, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nın 4 universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.
Rəşad Əhmədov müraciət etdiyi Tuleyn Universiteti (Tulane University), Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology), Roçester Universiteti (University of Rochester) və Konnektikut Universitetinin (University of Connecticut) hər birindən müsbət cavab alıb.
O ABŞ universitetləri arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester Universitetini seçib.
Amerikanın 4 nüfuzlu universitetinə qəbul olan Rəşad Əhmədov qazandığı uğurlar barədə Modern.az-a danışıb. 23 yaşlı gənc xarici universitetləri seçərkən 25 təhsil ocağını gözdən keçirdiyini söyləyib:
“Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədədir. Lakin mən xaricdəki imkanlarla da tanış olmuşdum. Düşündüm ki, artıq Azərbaycanda təhsil almışam və özümü daha da inkişaf etdirmək, yeniliklərlə tanış olmaq lazımdır. Bunun üçün Amerika təhsili ilə maraqlandım. Hazırda universitetimizdə kimya mühəndisliyi üzrə bakalavr təhsilini bitirmək üzrəyəm və qəbul olduğum universitetdə də kimya mühəndisliyi üzrə təhsil alacağam. Gələcəkdə ixtisasım üzrə çalışmağı düşünürəm. Təhsilimi bitirdikdən sonra ölkəyə qayıtmaq və qayıtmamaq ehtimalının hər ikisini nəzərdə saxlayıram. Son qərar gələcəkdəki vəziyyətlə bağlı olacaq. Daxil olduğum xarici universitetlərə qəbul sentyabr-oktyabr aylarından mart-aprel ayına kimi davam edir. Qəbul üçün imtahan vermirsən, tövsiyyə məktubları, motivasiya məktubları kimi sənədlər olur, onları doldurub qəbul üçün müraciət edirsən. Sənədlərdə qazandığın uğurlar haqqında yazırsan”.
Tələbə olmağa hazırlaşan gənclərə müraciət edən Rəşad Əhmədov bildirib ki, məqsədə çatmaq üçün çalışmaq və aktivliyə önəm vermək vacib şərtdir:
“Çünki universiteti bitirdikdən sonra sosial aktivlik həyatımızda mühüm rol oynayacaq. Daxil olduğum universitetlərin hər birində araşdırma işləri gedir. Roçester Universitetini seçməyimə səbəb isə oradakı tədqiqat işlərinin diqqətimi daha çox çəkməsi oldu”.