“İsveç və Finlandiya NATO-ya üzv qəbul olunarsa, Rusiyanın düşmənlərinin sayı artacaq”.
Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından biri olan Dmitri Medvedyev “Telegram” kanalında yazıb.
O, NATO-ya xəbərdarlıq edib ki, əgər İsveç və Finlandiya hərbi alyansa qoşulsa, Rusiya Avropanın mərkəzində yerləşən eksklavda nüvə silahları və hipersəs raketləri yerləşdirəcək.
“İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə “Welcome!” deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq”, - deyə Medvedyev bildirib.
Rusiya ilə 1300 km sərhədi olan Finlandiya və İsveç NATO alyansına qoşulmağı düşünür. Finlandiya baş naziri Sanna Marin bildirib ki, ölkəsi yaxın bir neçə həftə ərzində qərar verəcək.
2008-2012-ci illərdə Rusiya prezidenti olmuş Medvedev deyib ki, Baltikyanı ölkələrin nüvəsiz statusundan artıq söhbət gedə bilməz, buna görə tarazlıq bərpa olunmalıdır.
“İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu 2 dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və hava hücumundan müdafiə ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı”, - deyə Medvedyev vurğulayıb.
Rusiya dünyanın ən böyük nüvə başlıqları arsenalına malikdir, hipersəs raket texnologiyası sahəsində qlobal liderlərdən biridir.
Litva rəsmiləri Rusiyanın təhdidlərinin yeni olmadığını və Moskvanın Ukraynadakı müharibədən əvvəl Kalininqradda nüvə silahı yerləşdirdiyini bildirib.
Ekspertlər hesab edir ki, Finlandiya və İsveçin 1949-cu ildə Sovet İttifaqına qarşı Qərbin təhlükəsizliyini təmin etmək üçün təsis edilmiş NATO-ya mümkün qoşulması Ukraynadakı müharibənin ən böyük strateji nəticələrindən biri ola bilər.
Akif İsmayılov