Modern.az

Rusiya defoltdan yayınır - Qərb sanksiyaları ARTIRIR

Rusiya defoltdan yayınır - Qərb sanksiyaları ARTIRIR

İqtisadiyyat

15 Aprel 2022, 09:14

Rusiyanın satdığı mavi qazın haqqının hansı valyutada ödənilməsi hələ də Avropada müzakirə edilən məsələlərdəndir. Niderland hökuməti də Moskvaya rubl ilə ödənişlər etməyəcəyini bəyan edib.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, ötən il Niderlandın Rusiyadan məhsul idxalı 18.4 milyard avro olub və onun da 87.0 faizi xam materiallar, o cümlədən neft və qaz təşkil edib.

 

Onun sözlərinə görə,  Avropa Birliyindən yalnız Macarıstan Rusiyaya mavi qaza görə rubl ödəməkdə maraqlıdır:

 

"Bu arada Rusiya Mərkəzi Bankı rublun dollara məzənnəsini 82.6 bəndədək möhkəmləndirib. Yəni, rəsmi kursa əsasən, 1 dollar almaq üçün 83 rubldan az vəsait ödəmək lazımdır. Bununla yanaşı, bazarda, daha doğrusu “qara bazarda” rublun kursu daha aşağıdır. Xüsusən böyük məbləğdə nağd dollar almaq üçün rəsmi məzənnəyə nisbətən daha çox rubl tələb edilir.

 

 

Rəsmi Moskva üçün mavi qazı rublla satmaq bir tərəfdən milli valyutanın məzənnəsi, digər tərəfdən isə xarici borc öhdəliklərini həyata keçirmək baxımından vacibdir. Belə ki, Rusiyanın defolt olmaq təhlükəsi beynəlxalq qiymətləndirici şirkətlərin ən çox müzakirə etdiyi məsələlərdəndir. Rusiyanın Avropaya enerji idxalının həcminin 2021-ci ildə 108 milyard dollar olduğunu nəzərə aldıqda mavi qazın rubla satılmasının Moskva üçün əhəmiyyətini təsəvvür etmək çətin olmaz. Söhbət həmin məbləğdə vəsaitin Rusiya bankı vasitəsi ilə rubla çevrilməsindən gedir".

 

"Hələlik Moskva ilə Brüssel arasında digər bütün məsələlərdə olduğu kimi enerji ödənişləri üzrə valyuta növü ilə bağlı da anlaşma əldə etmək mümkün olmur. Görünən odur ki, Rusiya defoltdan yayınmağa, Qərb isə iqtisadi təzyiqlərini artırmağa çalışır", - deyə parlamentari qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi