Modern.az

Rusiyanın Qara dənizdə qara günləri - "Moskva" kreyseri nə ilə vurulub?

Rusiyanın Qara dənizdə qara günləri -

Dünya

15 Aprel 2022, 11:13

Dünya mətbuatı Rusiyanın Qara dənizdə batan "Moskva" raket kreyseri ilə bağlı xəbərləri  manşetlərə çıxarıb.
 

Modern.az-ın məlumatına görə, xarici KİV-lər Rusiyanın Qara dəniz donanmasındakı əsas gəmisinin necə vurulduğunu araşdırmağa çalışıb.

Qeyd edək ki, Ukraynanın iddiasına görə kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurub. Ancaq bir çox ekspertlərin fikrincə, bu inandırıcı deyil. Çünki "Moskva" kreyserinin  hava hücumundan müdafiə sistemləri bu raketlər hədəfə doğru yönələrkən onları asanlıqla aşkar edib zərərsizləşdirmək gücündə idi.
 

Belədə "Moskva" kreyserinin vurulmasında əsas ehtimal kimi Böyük Britaniyanın Ukraynaya verdiyi "Harpoon" raketlərinin adı hallandırılır. Çünki bu raketlər 200 km məsafədə olan hədəfi çox da yüksəkliyə qalxmadan, sudan azacıq hündürlükdə uçaraq məhv etmək qabiliyyətinə malikdir. Bu xüsusiyyətinə görə də onlardan qorunmaq çox çətindir. Ona görə də bildirilir ki, "Moskva" kreyserinin radarları "Harpoon" raketlərinin trayektoriyasını tuta bilməyib.

Xatırladaq ki, Rusiya tərəfi kreyserin vurulmadığını, onun “yanğının yaratdığı hərbi sursatın detonasiyası”nın güdazına getdiyini açıqlamışdı. Amma bu açıqlama bütün dünyada ironiya ilə qarşılanmışdı.

Rəsmi məlumatlara görə, gəmidə 514 nəfər heyət olub.

Xarici KİV-lər yazır ki, ekipajının taleyi ilə bağlı heç bir etibarlı məlumat yayılmayıb. Ola bilsin ki, 510 ekipaj üzvündən yalnız 14-ü xilas edilib.


Britaniya mətbuatı yazır ki, “Moskva”nın itirilməsi ilə Rusiyanın bütün Qara dəniz donanmasının müdafiə qabiliyyəti xeyli sarsılıb. Bildirlir ki, “Moskva” kreyserinin batmasından və Kremlin bunu etiraf etməsindən sonra Rusiya Qara dənizdəki mövqeyinə yenidən baxacaq.


Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” həm komanda gəmisi, həm də hava hücumundan müdafiə bölməsi kimi əsas rol oynayıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək