Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində hərbi jurnalist, “Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun (1982-2020) anadan olmasının 40-cı ildönümü münasibətilə tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə Qarabağ şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və “Poliqon” jurnalının dəstəyi ilə keçirilən tədbir çərçivəsində Rəşad Süleymanovun xatirəsinə ithaf olunan fotosərgi təqdim olunub.
Tədbirdə çıxış edən Rəşad Süleymanova 1-ci sinifdə dərs demiş Həqiqət Rzayeva, Xocavənd rayon prokuroru Kamran Əliyev, hərbi fotoqraf Nurəhməd Vəliyev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri Faiq Xudanlı, qarabağ qaziləri Rəşad Süleymanovun vətənpərvərliyindən, xalqa bağlılığından danışıblar.
Tədbir çərçivəsində Rəşad Süleymanovun adına sinif otağının açılışı olub. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad Xatirələrdə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra “Poliqon” jurnalının hazırkı baş redaktoru Zaur Babaşov həmkarı Rəşad Süleymanov ilə keçən tələbəlik illərindən, onun iş fəaliyyətindən, təsis etdiyi jurnalın necə ərsəyə gəlməsindən və müdafiə sənayesindəki rolundan söz açıb.
Sonda Rəşad Süleymanovun qəbri ziyarət olunub.
Hərbi jurnalist Rəşad Süleymanov 2020-ci il dekabr ayının 15-də 38 yaşında koronavirus (COVID-19) infeksiyasından vəfat edib. Ailəli idi, üç övladı yadigar qalıb.