Modern.az

44 günlük savaşda dəmir yumruğa dönən azərbaycançılıq məfkurəsi

44 günlük savaşda dəmir yumruğa dönən azərbaycançılıq məfkurəsi

Aktual

17 Aprel 2022, 14:06

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, ölkəmizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyin qorunmasına xidmət edən dəyərlər sistemidir.

 

Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Ümummilli lider Azərbaycan müstəqillik əldə etdikdən sonra da ideologiyamızın təbliğinə, bütün dünya azərbaycanlılarının birliyinə diqqəti daha da artırmağı bacardı. Günümüzdə öz aktuallığını saxlayan Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır.

 

Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq məsuliyyəti daha çox mənəvi məsuliyyətlə bağlıdır. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır. 

 

Azərbaycançılığın daha da inkişaf etdirilməsində Prezident İlham Əliyevin özünəməxsus xidmətləri danılmazdır. Dövlət başçısının addımları sübut edir ki, bu konsepsiya hazırda cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək deyib:

 

“Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

 

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Azərbaycançılıq ideologiyasının milli birliyimizi necə qüvvətləndirdiyinin bir daha şahidi olduq. Bu məqama xüsusi diqqət edən deputat Naqif Həmzəyev açıqlamasında qeyd edib ki, müharibə vaxtı, azərbaycanlılarla yanaşı ölkəmizdə yaşayan digər xalqların nümayəndələri də döyüşlərə qatıldı, hətta onlar arasında şəhidlərimiz də var:

 

“Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən, formalaşan gənclər Ordu sıralarına könüllü yazıldılar. Azərbaycanın ərazi bütövlüyünün bərpasında öz canlarından, qanlarından keçdilər. Savaşan-vuruşan gənclərimizlə yanaşı kompüter arxasında informasiya müharibəsində mübarizə aparan gənclər də çoxluq təşkil edirdi. Onlar da öz üzərinə düşən işləri layiqincə həyata keçirtdilər. Bu gün qalib ölkənin vətəndaşları olaraq, qalib ölkədə yaşayan insanlar olaraq azərbaycançılıq ideyası ətrafında birləşməmiz və bu ideologiyanın daha da inkişaf etdirilməsi üçün yetərincə tutarlı səbəblərimiz var.

 

44 günlük Vətən Müharibəsində Ordu, xalq və Ali Baş Komandanın birliyi dəmir yumruğa çevrildi, düşmənə ağır, sarsıdıcı zərbə vura bildi. Bu gündən sonra da bu dəmir yumruğu aktiv saxlamalıyıq, hər zaman cənab Prezidentin ətrafında sıx birləşməliyik. Əldə etdiyimiz bu qələbə əhalinin, vətəndaşların sosial rifahının yaxşılaşdırılması həyatımızın daha da yaxşı olmasına xidmət etməlidir”.

 

Siyasi şərhçi Tural İsmayılovun fikrincə, ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənpərvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var:

 

"Azərbaycanın bəxti həm də gətirdi ki, Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi. Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib. Dövlət siyasətinin əsas ideoloji tezisinə çevrilən azərbaycançılıq fəlsəfəsi Azərbaycanda yaşayan çoxsaylı millətlərin vəhdət halında Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyü uğrunda ayağa qalxmasına gətirib çıxardı və nəticədə 30 ilə yaxın Ermənistanın işğalında olan torpaqlarımız azad edildi. Bütün bunların təməlində yenə də azərbaycançılıq ideologiyası, bu ideologiyanın dövlətin milli siyasətinə çevrilməsi durur".

 

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır:

 

"Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və işğalçı ermənilərin başına endirdiyimiz “dəmir yumruq”la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət” və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yarandı.

 

Azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək dövlət siyasətinin məhvərində olmağa davam edəcək, Azərbaycanda milli birliyin təməlində dayanmaq ən mühüm amillərdən biri olaraq qalacaq".

 

Yekun olaraq, qeyd etməliyik ki, Azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmlə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir.

 

Aysel Aslan 

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB