Modern.az

Terrora məruz qalan mədəni irsimiz – ARAŞDIRMA 

Terrora məruz qalan mədəni irsimiz – ARAŞDIRMA 

Qarabağ

18 Mart 2022, 13:28

Hər bir xalqın mövcud olduğu ərazidə tarixən varlığını təsdiqləyən, bölgəyə aidliyini sübut edən ən önəmli dəlillər maddi və mənəvi mədəniyyət abidələridir. Məhz buna görə, düşünülmüş şəkildə həmin abidələrin məhv edilməsi, mənimsənilməsi mədəni soyqırımı adlandırılır. Çoxsaylı faktlar Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritdiyini sübut edir. Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib. İlk növbədə, müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səy göstərilib.

 

Arxeoloji abidələr Dağlıq Qarabağ və ona bitişik ərazilərdə çox qədim tarixə malikdir. Eləcə də daş və torpaq sədlər, ağac və ya daşdan tikilmiş qədim mühafizə divarlarının qalıqları, dini xarakterli ərazilər, ziyarətgahlar, məbəd və monastrların qalıqları, dini mərasimlərin keçirildiyi güman edilən ərazilər, qəbiristanlıqlar və kurqanların yaşı min illərlə ölçülür. Torpaqlarımızın işğalı müddətində həmin ərazilərdə daşı-daş üstə qoymayan ermənilər arxeoloji abidələrə də vəhşiliklə divan tutublar.

 

Ermənilər Azərbaycana qarşı törətdikləri mədəni terroru düşünülmüş, planlı və məqsədli şəkildə həyata keçirirdilər. Hələ ərazilərimiz yenicə işğal edildiyi dövrdə belə onların niyyətinin nə olduğu bəlli idi.

 

 

Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı (ATMAMT) İctimai Birliyinin sədri Faiq İsmayılovun araşdırmasına görə, işğal dövründə Qarabağda arxeoloji qazıntılar aparmaq məqsədilə Ermənistan hökuməti tarix elmləri doktoru Hamlet Petrosyanın rəhbərliyi ilə komissiya yaradıblar. 2000-ci ildən etibarən daimi fəaliyyət göstərən bu komissiya Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələrin dağıdılması ilə məşğul olub:

 

“Dağıntıların həyata keçirilməsində, Ermənistanın ali və orta ümumtəhsil məktəblərinin şagird və tələbələrini və eləcə də Qarabağın erməni əhalisini səfərbər ediblər. Ermənistan hökuməti və “Daşnaksütyun” terror təşkilatının nümayəndələri bu komissiyanı beynəlmiləlləşdirərək tərkibinə Böyük Britaniya, İspaniya, Niderland və İslandiyadan mütəxəssislər cəlb ediblər. Onların bu qeyri-qanuni fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların ərazilərində kurqanlar, küp qəbirlər, qədim təsərrüfat yerləri, eləcə də Xocalı-Gədəbəy mədəniyyətinə aid bütün arxeoloji mədəniyyət nümunələri dağıdılaraq yerlə yeksan edilib. Düşmən ölkənin arxeoloqları tərəfindən təşkil edilən bu qanunsuz arxeoloji qazıntılar zamanı ermənilər tərəfindən yer altında olan qiymətli maddi mədəniyyət nümunələri əldə edilərək Ermənistana daşınıb. Dağlıq Qarabağ ərazilərinə nəzarət olunmaması, belə qazıntıların kütləviləşməsinə və tarixi tapıntıların Ermənistana daşınmasına səbəb olub”.

 

Dağlıq Qarabağda erməni vandalizminə məruz qalan Xocavənd rayonunun Salakətin kəndi yaxınlığında yerləşən Azıx paleolit düşərgəsi dünyada məşhurdur. Bu mağara işğal müddətində erməni saxtakarlığından kənarda qalmayıb. Mənbələrə görə, yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən yeganə abidədir. Ocaqların (700 min il əvvəl), tikili qalığının (350-400 min il əvvəl) aşkar edildiyi Azıx mağarası bu göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Azıx mağarası dünya arxeologiya elmində müstəsna əhəmiyyətə malik abidələrdəndir.

 

AMEA Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960–1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparıb. Kür–Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi UNESCO-nun mədəni irs siyahısına düşüb. Tədqiqatlar göstərir ki, Azıx mağarası öz qədimiliyinə, çox təbəqəliliyinə, arxeoloji cəhətdən zənginliyinə görə dünyada yeganə abidədir. Bu mağarada qədim və orta paleolit daş alətlərin texnikasından onların təkamül dərəcəsini müəyyən etmək mümkün olub.

 

Azıx mağarasında aşkar olunmuş fauna və arxeoloji materiallar Azərbaycan ərazisində azıxantropların təsərrüfat fəaliyyəti haqqında geniş təsəvvür yaradıb. Belə bir möhtəşəm abidə Ermənistan hökuməti tərəfindən 1992-ci ildən 2001-ci ilədək silah anbarı kimi istifadə edilib, 2001-ci ildən etibarən isə mağarada qanunsuz arxeoloji qazıntılara start verilib.

 

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tarix Dostiyev “Qarabağın orta əsr arxeoloji abidələri və ermənilərin mədəni soyqırımı siyasəti” sərlövhəli məqaləsində qeyd edib ki, işğal dövründə Qarabağ ərazisində ermənilər tərəfindən ən çox mənimsənilməyə və dəyişikliklərə məruz qalan memarlıq və arxeoloji irs isə alban xristian abidələridir. Onların üzərindəki alban xristian dininin rəmzləri və simvolları qriqoryan məzhəbinə, erməni mədəniyyətinə məxsus elementlərlə dəyişdirilib və saxtalaşdırılıb. Bu baxımdan Amaras məbəd kompleksində aparılan qeyri-qanuni qazıntıları göstərmək olar.

 

İşğalçı dövlətin beynəlxalq hüquqa zidd, qeyri-qanuni təşkil etdiyi ekspedisiyasının Albaniyanın dini mərkəzlərindən biri olmuş, düzən və dağlıq Qarabağın qovşağında, Xocavənd rayonunun Sos kəndi yaxınlığında yerləşən Amaras məbəd kompleksində apardığı arxeoloji qazıntıların başlıca məqsədi alban xristian irsinə yiyələnmək, bu irsi özününküləşdirmək idi.

 

Amaras məbəd kompleksində qanuni tədqiqatlar aparmış, bu abidənin alban xristian irsinin erkən nümunələrindən olduğunu elmi əsaslarla sübut etmiş arxeoloq Rəşid Göyüşovun ünvanına qərəzli, əsassız tənqidi fikirlər söyləməkdə erməni arxeoloqu H.Petrosyanın məqsədi faktları saxtalaşdırmaq, Amaras məbəd kompleksini erməni mədəni irsi kimi təqdim etmək, son nəticədə işğala bəraət qazandırmaq cəhdinin kobud təzahürüdür. Eləcə də Şahbulaqda aparılan arxeoloji qazıntıların nəticələri saxtalaşdırılaraq qədim yaşayış yerinin erməni hökmdarı Tiqranla əlaqələndirilməsinə səy göstərilib, abidənin alban erkən xristian tapıntıları erməni mədəni irsi kimi təqdim olunmasına cəhdlər edilib. Abidədən əldə olunmuş tapıntıların beynəlxalq hüququn pozularaq Ermənistana daşınması isə hazırda həyasızcasına hətta “erməni mədəni irsinin xilas olunması” kimi təbliğ olunur.

 

 

Arxeoloq-alim, tarixçi Təvəkkül Əliyev isə 2016-cı ildə ermənilərin Ağdamın yaxınlığında “Şahbulaq” qalası əhatəsində guya özlərinin qədim şəhərlərini tapdıqları haqqında məlumat yaymalarını xatırladıb. Alim diqqətə çatdırıb ki, ermənilər “Azıx mağarası” ilə bağlı beynəlxalq səviyyədə işlər görmək istəyirdilər. Həmin dövrdə Azərbaycanın Xarici İşlər Nazirliyi həmin araşdırmaların tanınmaması üçün ciddi addımlar atmışdı. Habelə Laçın ərazisində tarixi qəbirlər var idi. Həmin qəbirləri talayıb Ermənistana apardılar. Sonra qondarma dırnaqarası "Arsax" ilə aralarında dava çıxdı. Ermənistan dedi mənimdir, “arsax” isə dedi mənimdir. Sonda isə həmin qəbirlərin bir qismi Londanda hərraclara qoyulub satıldı. Ermənistan tərəfindən Qarabağın tarixi mədəniyyəti talanıb dünya bazarında hərraclara çıxarılırdı. Şükürlər olsun ki, artıq biz torpaqlarımızı geri aldıq və abidələrimiz də özümüzə qayıtdı. Bundan sonra hərə öz işini görməlidir. İnşaat mühəndisi - inşaatı, tarixçisi - tarixi, arxeoloqu - arxeoloji qazıntısıyla öz töhfəsini verməlidir. 

 

UNESCO-nun 17 oktyabr 2003-cü il tarixli Paris bəyannaməsində bəşəriyyət üçün böyük əhəmiyyəti olan mədəni irsi qəsdən dağıdan, yaxud bilərəkdən mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması, son qoyulması və cəzalandırlması üçün tədbir görməyən dövlətin beynəlxalq hüququn müəyyən etdiyi ölçüdə qəsdən dağıdılmaya görə məsuliyyət daşıdığı bildirilir. Təbii ki, Ermənistanın rəsmi şəxsləri Qarabağda xalqımızın mədəni irsinin dağıdılması və məhvinə görə məsuliyyət daşıyırlar.

 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Yazının məzmunu “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?