“Aprel ayında Şuşa şəhərində keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının V Qurultayına Türkiyədən də nümayəndələr qatılacaq. Problem olmazsa, mən özüm də qurultayda iştirak edəcəyəm”.
Bunu Modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım bildirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsində Türk dünyası ilə bağlı xüsusi maddə var: “Ən vacib məsələ vahid diaspor mövzusunda çalışmalardır. Bu da iki ölkənin diasporunun daha güclü olması üçün vacibdir. Türkiyə və Azərbaycan diasporu bundan sonra birgə çalışacaq, beynəlxalq platformalarda mövqelərimizi müdafiə edəcəklər”.
Şamil Ayrım Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.