Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik ediləcək.
Modern.az-ın məlumatına görə, Milli Məclis bununla bağlı müvafiq qanun layihəsi hazırlayıb.
Sənəd hazırlanarkən “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik nəzərə alınıb.
Həmin dəyişiklik “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə bağlıdır.
Belə ki, dəyişiklik nəticəsində cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilərin pensiya təminatı təklif olunan Qanun layihəsində 9.1-ci maddə ilə tənzimlənəcək.
Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən penitensiar xidmətin əməkdaşlarına pensiya təyin edilərkən işlədikləri illərin hesablanması üç iş günü dörd iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrinin yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş şöbələrində işləyənlərə isə iki iş günü üç iş günü kimi hesablanacaq.
Sənədin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilməsi gözlənilir.