Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçiriləcək. 30 ildən sonra işğaldan azad olunan Qarabağda Zəfər Qurultayının təşkil edilməsi tarixi hadisə kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşada bir araya gələrək, diaspor tarixində möhtəşəm ilkə imza atacaqlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin ötən gün yaydığı məlumata görə, qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, sonra Şuşa şəhərinə yola düşəcəklər.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.
Zəfər Qurultayının ölkəmiz üçün əhəmiyyəti
Deputat Azər Kərimli Modern.az-a bildirib ki, Dünya Azərbaycanlılarının 5-ci Qurultayının mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan Şuşa şəhərində keçirilməsi, Zəfər Qurultayı adlandırılması, təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, öz tarixi vətənlərində, yaxud dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyasının əsasını təşkil edir:
“İstər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününun təsis edilməsi, istərsə də Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıların öz tarixi vətənləri ilə əlaqələrinin qırılmamasına, onların milli və mədəni identikliklərinin qorunub saxlanılmasına, dilimizin, mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edib. Heydər Əliyev harada yaşamasından, məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlını Azərbaycanın ayrılmaz bir parçası kimi görür, onları öz milli, mədəni mənsubiyyətləri ilə qürur duymağa çağırırdı”.
A.Kərimli bildirib ki, Azərbaycançılıq ideyasının, eləcə də bu ideyanın hər bir azərbaycanlının həyat fəlsəfəsinə çevrilməsinə xidmət edən dövlət siyasətinin əsas istiqamətlərindən biri bütün həmvətənlərimizi Azərbaycanın haqq mübarizəsinə cəlb etməkdən ibarət olub:
“Dünya Azərbaycanlılarının qurultayları bu prosesdə önəmli rol oynayıb. Dünya Azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın haqlı mübarizəsinin ayrılmaz bir parçasına çevriliblər. Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, həmçinin 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi də Azərbaycançılıq ideyasının bütün azərbaycanlıların vahid məfkurəsini çevrildiyini, həmvətənlərimizin bir amal uğrunda birləşməyi bacardıqlarını sübuta yetirir”.
Deputatın sözlərinə görə, Zəfər Qurultayı diaspor təşkilatlarının fəaliyyətində yeni cığır açacaq:
"Müzəffər Azərbaycan Ordusunun qələbəsi, xalqımızın öz haqq işi uğrunda sonadək mübarizə aparmaq əzmi, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarəti və qətiyyəti hər bir azərbaycanlının başını bayrağımız qədər yüksəklərə qaldırıb. İndi bütün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi öz vətənləri ilə qürur duyur, bu yolda tarixi vətənlərinin haqq işinə dəstək verənlər isə Zəfərimizin və milli birliyimizin sevincini yaşayırlar. Şübhə etmirəm ki, Zəfər Qurultayından sonra diaspor təşkilatlarımızın sıraları daha da genişlənəcək və azərbaycanlılar dünyanın hər yerində öz vətənlərini böyük qürur və fəxarət hissi ilə təmsil edəcək, Azərbaycanın adını hər yerdə öz əməlləri ilə yüksəklərə qaldıracaqlar”.
Deputat Azər Badamov isə bildirib ki, Dünya Azərbaycanlıların V Qurultayının Şuşada keçrilməsi böyük tarixi, siyasi və mənəvi əhəmiyyətli hadisə olacaq:
"Şuşa Azərbaycanın mədəniyyət mərkəzi, baş tacıdır. Şuşa əsl sahiblərinə qayıdandan sonra beynəlxlaq tədbirlərin, iclasların keçirildiyi məkana çevrilib. Şuşada tədbirə qatılan hər bir şəxs böyük qürur hisləri yaşayır.
Bildiyimiz kimi, Dünya Azərbaycanlılarının dörd qurultayı keçirilib. Hər qurultayda dünya azərbaycanlıları qarşısında yeni vəzifələr qoyulub. Bu gün həmin vəzifələr müzəffər ordumuzun qələbəsi sayəsində torpaqlarımızı işğaldan azad etməyimizlə yüksək səviyyədə icra olunur".
Deputat Azərbaycanın regionda yeni reallıqlar yaratdığını söyləyib:
"Yaratdığımız yeni reallıq dövründə dünya azərbaycanlılarının üzərinə daha məsuliyyətli vəzifələr düşür. Dünyanın harasında yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlının yeganə vətəni, etibar edə biləcəyi məkan Azərbaycandır. Ona görə də əvvəlki qurultaylarda diaspor fəaliyyətimiz əsasən torpaqlarımızda erməni işğalına son qoydurmaq istiqamətində olmuşdusa, V qurultayda isə dünya azərbaycanlılarının qarşısında müasir çağırışlara uyğun yeni vəzifələr qoyulacaq. Düşünürəm ki, bu vəzifələr informasiya müharibəsində mübarizəmizi daha da genişləndirmək, ermənilərin bizə qarşı törətdikləri soyqırımıları və vəhşilklərini dünyaya daha geniş şəkildə çatdırmaq istiqamətində olacaq. Hesab edirəm ki, bu məsələləri məhz Şuşada müzakirə etməyimiz dünyaya səs salacaq".
Bu günü səbrsizliklə gözləyirdik...
Milli Məclisin üzvü Ceyhun Məmmədov Zəfər Qurultayından danışaraq bildirib ki, bu gün xalq olaraq, qarşımızda duran ən mühüm vəzifələrdən biri qələbəmizin möhkəmləndirilməsidir:
“Azərbaycan Vətən müharibəsini qələbə ilə başa vurdu. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbəsinin təntənəsi idi. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, bu günü səbirsizliklə gözləyirdi. Artıq biz məqsədimizə, hədəfimizə çatmışıq. Bu gün çalışırıq ki, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq, təbliğ edək. Bu istiqamətdə davamlı olaraq Azərbaycan addımlar atır, işlər görür.
Hesab edirəm ki, bundan sonra da Azərbaycan həqiqətlərini dünyaya çatdıracağıq. Erməniləri növbəti dəfə ifşa edəcəyik. Bu gün hər bir Azərbaycanlı, - istər ölkə daxilində, istər ölkə xaricində yaşasın, - arzu edir ki, Şuşanı görsün. Bu baxımdan belə tədbirlərin keçirilməsi, qurultayların təşkil olunması, buraya səfərlərin təşkil edilməsi xüsusi önəm kəsb edir. Zəfər Qurultayı bizim hazırda apardığımız, həyata keçirdiyimiz siyasətə öz ciddi töhfəsini verəcək. Biz xalq olaraq bundan sonra da qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Əlbəttə, bunun üçün bütün addımlar atılır”.
Birliyimiz daha da möhkəmlənir...
Deputat Asim Mollazadə qeyd edib ki, Zəfər Qurultayının Şuşada keçirilməsi dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirəcək:
"Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi rəmzi xarakter daşıyır. Bu, onu göstərir ki, bütün dünyada azərbaycanlıları birləşdirən məhz Azərbaycanın öz zəngin, dərin mədəniyyətidir. Bu həm də mədəniyyətimizə hörmət və azərbaycanlıları birləşdirilən Azərbaycan sevgisi ilə yaşamaq amilidir. Azərbaycanın mədəniyyət paytaxtında belə bir tədbirin keçirilməsi çox möhtəşəm hadisədir. Bu azərbaycanlıların birliyini daha da möhkəmləndirəcək".
Qeyd edək ki, son illər Azərbaycan diasporunun fəaliyyəti cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Xarici ölkələrdə yaşayan həmyerlilərimizin birliyi, Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlər, Ukrayna-Rusiya böhranı zamanı vətəndaşlarımızın müharibə bölgəsindən təhlükəsiz şəraitdə təxliyə edilməsi üçün həyata keçirilən koordinasiyalı fəaliyyət təqdirlə qarşılanıb.
Azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. 44 günlük savaş ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir. Bu işdə dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini qeyd etmək lazımdır.
Bu gün Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. Nəticə göz önündədir: dünya azərbaycanlıları qalib xalqın nümayənədləri olaraq hər yerdə öz sözünü deməyi bacarır, ermənilərin informasiya təxribatlarının qarşısını alaraq, şərəfli missiyalarını layiqincə yerinə yetirirlər.