Modern.az

“Bu günü çoxdan gözləyirdik” - Dünya azərbaycanlıları Zəfər Qurultayından DANIŞIR 

“Bu günü çoxdan gözləyirdik” - Dünya azərbaycanlıları Zəfər Qurultayından DANIŞIR 

20 Aprel 2022, 09:00

Dünya azərbaycanlıları Şuşada keçiriləcək Zəfər Qurultayına hazırlaşır. İlk dəfə doğma Qarabağ torpağında təşkil olunacaq qurultayda dünyanın 65 ölkəsindən 400-də yaxın nümayəndə iştirak edəcək. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir.

 

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın diaspor fəalları Zəfər Qurultayının əhəmiyyəti barədə Modern.az-a danışaraq, belə önəmli tədbirin hazırlanması üçün Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işləri yüksək qiymətləndiriblər.

 

Şuşadan dünyaya birlik mesajı

 

İsveç Yönköping Regional Parlamentinin deputatı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası idarə heyətinin sədri İradə Əliyeva düşünür ki, qurultayın Şuşada keçirilməsi dünyaya önəmli mesajdır:

 

“Zəfər Qurultayı Azərbaycan diasporu üçün çox mühüm tədbirdir. Dünyanın bir çox ölkəsindən yüzlərlə azərbaycanlı bir yerə yığışacaq. Xüsusilə qurultayın Şuşada keçirilməsinin simvolik əhəmiyyəti var. Digər ölkələrə, qurumlara göstərilir ki, artıq Şuşa bizimdir, Şuşa azaddır. Qarşıda duran vəzifələrimiz qurultay zamanı müəyyən ediləcək. İsveçdən digər fəal azərbaycanlılar da tədbirə dəvət olunub. Əminəm ki, qurultay yüksək səviyyədə keçəcək, yaxşı qərarlar qəbul olunacaq. Eyni zamanda bizim üçün yeni hədəflər müəyyən olunacaq”.

 

İradə Əliyeva Diasporla İş üzrə Dövlət Komitəsinin qurultaya yüksək səviyyədə hazırlaşdığını vurğulayıb.

 

 

Qurultay hər bir azərbaycanlı üçün uğurlu olacaq

 

Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı İlkanə Yusifova bildirib ki, Şuşa qurultayı Azərbaycan diasporunun inkşafına şərait yaradacaq:

 

“Mən ilk dəfə olaraq qurultaya gedəcəyəm. Qurultay Şuşada keçiriləcək və buna görə həyacanlıyam. Həqiqətən də bizim üçün maraqlıdır, qurultayda hansı məsələlər müzakirə olunacaq, növbəti beş ilin strategiyası nə olacaq. Bu gün Azərbaycan diasporunun inkşafını görürük, amma görüləcək işlərimiz hələ çoxdur. Bu gün diaspor fəaliyyətimiz sadəcə mədəni inkişafla bağlı deyil, eyni zamanda fəaliyyətimiz Azərbaycan haqqında informasiya qıtlığının aradan qaldırılmasıdır. Ümid edirik ki, qurultay bizim gələcək inkişamız üçün çox uğurlu olacaq”.

 

 

Bu günləri həyəcanla gözləyirdik...

 

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov vurğulayıb ki, mədəniyyət paytaxtımız Şuşa bizim birlik rəmzimizdir:

 

“Şuşada qurultayın keçirilməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Şuşa bizim birliyimizin rəmzidir. Dünyanın müxtəlif ölkələrindən Şuşaya gələn azərbaycanlılar bizim birliyimizi nümayiş etdirirlər. Bir yumruq kimi birləşib düşmənə qarşı vuruşanda nəyə qadir olduğumuzu gördük. Bu qurultayda iştirak etmək həqiqətən bizi sevindirir. Biz uzun illərdir ki, bu günləri gözləyirdik, bunun üçün çalışırdıq. Şəxsən ən yaxın dostlarımı, qohumlarımı Qarabağ müharibəsində itirmiş bir insan kimi bu günləri görməyi arzulamışam. İnanıram ki, nə qədər güclü olsaq, düşmən bizim torpağımıza bir daha göz dikə bilməz”.

 

Tarixi anlara şahidlik edəcəyik...

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev də Zəfər Qurultayının birliyimiz üçün vacib olduğunu söyləyib:

 

“Biz Rusiyanın Moskva şəhərindən qurultaya qatılacağıq. Şuşada keçiriləcək qurultay əvvəlkilərdən fərqlidir və tarixi əhəmiyyətə malikdir. Belə tədbirin təşkil edilməsi çox önəmli hadisədir. İnanıram ki, Zəfər Qurultayında önəmli hadisələrə şahidlik edəcəyik”.

 

Qeyd edək ki, bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. Ölkə xaricində birliyimizin gücləndirilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyəti xüsusi rol oynayır. Dövlət Komitəsi hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün soydaşlarımıza dəstək verir, onların Azərbaycanın hüdudlarından kənarda da tək olmadıqlarını əyani şəkildə göstərir. Bunun nəticəsidir ki, dünya azərbaycanlıları qalib xalqın nümayənədləri olaraq hər yerdə öz sözlərini deməyi bacarır, ölkəmizin maraqlarını layiqincə müdafiə edirlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu