Modern.az

Qarabağa investisiya təşviqi - Xaricdəki iş adamlarımıza GÜZƏŞT OLACAQ

Qarabağa investisiya təşviqi - Xaricdəki iş adamlarımıza GÜZƏŞT OLACAQ

Parlament

19 Aprel 2022, 11:46

Dünya Azərbaycanlılarının V Qurultayı ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçiriləcək. Hazırda qurultaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi həm siyasi, həm də iqtisadi cəhətdən mühüm əhəmiyyətə malikdir.

 

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində möhtəşəm ilkə imza atacaqlar. Zəfər Qurultayı həm də xaricdə yaşayan və bizneslə məşğul olan soydaşlarımızın Qarabağa investisiya yatırımına cəlb edilməsi baxımından da müsbət qiymətləndirilir.

 

Onu da bildirək ki, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi son vaxtlar diqqət çəkir. Azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə milli birlik və vəhdət nümayiş etdirirlər. 44 günlük Vətən Müharibəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verirdi. Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. 

 

Tam əminliklə söyləyə bilərik ki, bu gün Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. Bu mənada Dünya Azərbaycanlılarının V Qurultayının ilk dəfə Şuşa şəhərində keçirilməsini diasporumuzun böyük nailiyyəti kimi qiymətləndirmək olar.

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurultayın keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb. Komitə sədri deyib ki, Şuşa bütün Türk dünyasının mədəniyyət və qürur mərkəzidir:

 

“Dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcək. Bundan sonrakı əsas məqsədimiz Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru daha çox bu işlərə cəlb etmək olacaq. Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbul etmək lazımdır.

 

Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştiraka dəvət edib. Hazırda Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daha da gücləndirəcək.

 

Azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağından düşünürəm ki, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab edirəm ki, investisiya cəlb etmə prosesini daha da asanlaşdıra və sürətləndirə bilər”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-deputat Vahid Əhmədovun fikrincə, Dünya Azərbaycanlılarının ənənəvi qurultayının Şuşada keçirilməsi təbliğat baxımından önəmli addımdır:

 

“Qurultaya dəvət olunan soydaşlarımızla görüşlər, tədbirlər, müxtəlif təşviqat kampaniyaları həyata keçirilir. Ölkə başçısı həmin qurultayda iştirak edəcəksə, adətən, onun dünya azərbaycanlılarına müraciəti olur. Qarabağın dirçəlişi və yenidənqurmasının davam etdiyi məqamda bura investisiyaların cəlb edilməsi gündəmdədir.

 

Qarabağın qurulması prosesində harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar iştirak etmək istəyirlər və bunda maraqlıdırlar. Dövlət başçısı bununla bağlı öz tapşırıqlarını verib, investorlara müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur. Qanunlarda dəyişikliklər də olacaq və bu sahədə şəffaflığın təmin edilməsinə xüsusi önəm veriləcək”.

 

Son illər Azərbaycan diasporunun fəaliyyəti cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Xarici ölkələrdə yaşayan həmyerlilərimizin birliyi, Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlər, Ukrayna-Rusiya böhranı zamanı vətəndaşlarımızın müharibə bölgəsindən təhlükəsiz şəraitdə təxliyə edilməsi üçün həyata keçirilən koordinasiyalı fəaliyyət təqdirlə qarşılandı.

 

Bu gün fəxrlə deyə bilərik ki, azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. 44 günlük savaş ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir. Əlbəttə, bu işdə dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini qeyd etmək lazımdır.

 

Bu gün Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. Nəticə göz önündədir: dünya azərbaycanlıları qalib xalqın nümayənədləri olaraq hər yerdə öz sözünü deməyi bacarır, ermənilərin informasiya təxribatlarının qarşısını alaraq, şərəfli missiyalarını layiqincə yerinə yetirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi