Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçirilən ikitərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
"Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, - deyə bəyanatda qeyd olunub.
Bundan əlavə, tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyaları üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıblar:
Putin və Paşinyan, həmçinin regionun bütün ölkələri arasında dialoqun və çoxşaxəli əməkdaşlığın təşviqi üçün əlavə imkanlar təmin etmək üçün nəzərdə tutulmuş 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığını qeyd ediblər.