Türkiyədə yaşayan erməni əsilli araşdırmaçı jurnalist, yazıçı, Atatürkü, Türkiyəni sevən və 1969-cu ildə millət vəkilliyinə namizəd olmuş Levon Panos Dabağyan türk mətbuatına maraqlı müsahibə verib. Müsahibə zamanı Dabağyan bir çox məqamlara toxunub. Qeyd edək ki, Dabağyan türk tarixində ermənilərə soyqırımının olmadığını bildirir.
Modern.az müsahibənin maraqlı məqamlarını oxuculara təqdim edir.
Levon Panos Dabağyan deyib ki, Türkiyədə erməni məsələsini bu gün ermənilər yox, onların adından başqşaları danışır. O qeyd edib ki, bu ölkədə müsəlman aləmi ermənilərə yiyə durmadıqca, problemlər öz həllini tapmayacaq.
“Türkiyədəki yunan, erməni, yəhudi və kürdlər arasında ermənilər harada durur” sualına Levon Panis Dabağyan belə cavab verib.
“Ermənilərin tərəfini yəhudilər də, yunanlar da tutmur. Heç ermənilər də onların tərəfini saxlamaz. Yəhudilərin tərəfini saxlamaram, çünki sionistlər həmişə bizim əleyhimizə olublar. Çünki, biz türkün və Osmanlının sağ qolu olmuşuq. Osmanlı dövründə ermənilərə böyük mövqelər verilmişdi. Əgər həmin xidmətlər məktəb kitablarına salınsaydı, erməni məsələsi deyə, bir şey olmayacaqdı”.
Orxan Pamuk və jurnalist Hrant Dinkin qətli məsələsinə toxunan Dabağyan Pamukun səmimi olmadığını bildirib.
“Hrant Dinkin öldürülməsi yaxşı olmadı. Bunu bilərəkdən etdilər. Şərqdəki Qafqaz ermənilərinin türkləri öldürməsi kimi oldu. Bir də türk və erməni bir yerə gəlməsin, düşmən olsunlar deyə, etdilər. Qatilin şəklini türk bayrağı əlində olarkən çəkiblər. Bunun hamısı oyundur. Orxan Pamukun kitablarını oxumuşam. Bu qədər böyüdüləcək bir yazıçı deyil. Həm də ki, sən bir yazıçısan. Erməni məsələsi kimi siyasi və çətin bir məsələ haqqında niyə açıqlama verirsən? Mən Orxan Pamukun səmimi olduğuna inanmıram”.
Milliyəçi Hərəkət Partiyasının bayrağındakı 3 aypara simvolundan danışan Levon Panos Dabağyan maraqlı açıqlama verib. Bildirib ki, 1969-cu ildə partiyanın toplantısı zamanı bayraqda “qurd”un rəmz olmasını istəyirmişlər.
“Amma mən dedim ki, biz Osmanlıyıq. Bizə 3 aypara yaraşır. Bu fikrim alqışlarla qarşılandı və seçildi”.
Ermənistandakı ermənilərlə bağlı danışan jurnalist qeyd edib ki, Ermənistandan Türkiyəyə çoxlu sayda ermənilər işləmək üçün gəlir.
“Ermənilər Türkiyədən çox razı qalırlar. Buradan qazandığı pulu ailəsinə göndərirlər. Deyirlər ki, türklər bizə danışılan kimi deyil. Hətta onlar Türkiyədə yaşayan erməniləri qısqanırlar. Deyirlər ki, siz burada rahatsınız. Amma mən bir şeyi qeyd edim ki, nə qədər türklər erməniləri özlərindən biri hesab etməyəcək, o qədər də bu məsələ öz həllini tapmayacaq”.
Sevinc İltifatqızı