Rusiya silahlı qüvvələrinin Ukraynaya qurudan, sudan və havadan hücumu nəinki ara verir, hətta getdikcə daha şiddətli, daha amansız xarekter alır. Vəziyyət artıq o həddə çatıb ki, müharibənin miqyasını, sərhədlərini genişləndirmək barədə Rusiya prezidenti Putinin son açıqlaması beynəlxalq ictimaiyyətin böyük natahatlığına və geniş kütləvi etirazlara səbəb olsa da, hələlik dünya bunun lazımi nəticələrini görə bilmir.
İkinci Hitler bəzən yavaş, bəzən də sürətli addımlarla SSRİ-ni bərpa etmək planları üzərində ciddi cəhdlə çalışır. Yanaşı qaydada Varşava paktına daxil olan ölkələrin yenidən eyni sırada dayanacağı haqda sərsəm açıqlamalar verir. Müasir rus imperialist siyasətinin qurucu və hərəkətverici qüvvəsi hesab olunan Putinin məsuliyyətsiz manifestləri dünya tərəfindən rədd edilsə də, qorxunc əməlin qarşısını kəsə biləcək təsirli vasitəni işə salmaq hələ də Qərb tərəfindən qəti planlaşdırılmır. Mənasız danışıqlardan, sanksiyalar ətrafında gedən uzun-uzadı söz-söhbətlərdən başqa hərbi yardımla bağlı ortada konkret bir şey yoxdur.
50 milyona yaxın insanın ölümünə baiskarlıq etmiş və böyük Almaniya dövləti qurmaq xülyası ilə alışıb-yanan Adolf Hitlerdən - sələfi və ideya "babası"ndan aldığı dərslərlə dövləti idarəetmə üslubunu, kinli imperialist düşüncə tərzini dayandıracaq qüvvə görünmür. Əməli keyfiyyətləri ilə qazandığı “İkinci Hitler” adı sanki onun boynuna biçilib. Sifət və gözlərinin quruluşuna görə Hitlerin tam oxşarıdır.
SSRİ dönəmində Almaniyada polkovnik rütbəsində Sovet təhlükəsizlik idarəsinin məxfi agentura bölməsinin rəis müavini vəzifəsində işlədiyi illərdə Berlin küçələrində axtardığı və görünür tapdığı faşist ideologiyasına mənsub qırıntılar hesabına “KQB” sistemində müəyyən məqama yiyələnmiş bu adamın humanitar, insansevər ruha köklənməsi bundan sonra qeyri-mümkündür. Millətçilik və şovinizm ideologiyası Sank-Peterburq Universitentinin Hüquq fakültəsinin yetirməsi olan, lakin dövlət hüququ, insan hüquq və azadlıqları, beynəlxaq hüququn norma və prinsipləri, mahiyyəti barədə tam və dürüst təsəvvürü belə olmayan Vladimir Vladimiroviçin qanına elə işləyib ki, onun dəyişməsi artıq həqiqətən çətindir. Ümumiyyətlə, mümkünsüz bir işdir.
Çünki ideologiya elə bir dərmandır ki, birdən-birə və ya təsadüfən insan beynində özünə yer ala bilmir. Bəzən illər lazım gəlir ki, uzun götür-qoydan sonra qərar qəbul edirsən: ya təslim olursan, ya təslim edirsən. Üçüncü variant istisnadır.
Putinin qeyri-bəşəri təfəkkür tərzi onu dövlət rəhbəri kimi dünyada bütünlüklə gözdən salıb. İşğalçı siyasəti ilə yer üzündə çox kəskin nifrət qazanan Putin Krımı zəbt etməsilə kifayətlənmədi. İndi bu dəqiqələrdə Donbas uğrunda ölüm-dirim mübarizəsi gedir. Ukraynanın Donbas və Donetsk vilayətlərinin işğal edilməsilə dünyanın gözü qarşısında müstəqil dövlətin suverinliyinə qəsd törədildi.
Bu yerdəcə vacib bir sual öz cavabını bizdən gözləyir: Rus ordusunun Ukraynaya hərbi təcavüzünin ilk günlərində texnika və silah sarıdan ciddi problemi olduğunu bəyan edən prezident Zelenskinin səsi NATO və dünyanın aparıcı dövlətləri tərəfindən niyə zamanında eşidilmədi?
Əgər hərbi yardım barədə Ukraynanın müraciəti zamanında müsbət dəyərləndirilsəydi, gözgörəsi bir ölkə işğalçının tapdağı altında qalmazdı. Qarşılığını vermək əvəzinə Qərb dövlətləri, xüsusilə ABŞ Ukraynaya səbrli, təmkinli olmağı tövsiyə edir.
Bu faktın özü Avropaya və Birləşmiş Ştatlara çox da inanmamağın göstəricisi kimi diqqəti cəlb edir. Axı bəşəriyyət türklər demişkən, bu acı tavrı başqa dövlətlərin timsalında az görməyib. Ona görə də təəccüb etməyin mənası yoxdur. ABŞ prezidentinin Ukraynaya səfərdən imtina etməsi sübut edir ki, inanarsan, günün birində də yuxudan ayılıb görərsən ki, arxan bom-boşdur... Yanında nə Amerika, nə də Avropanın hansısa dövləti qalıb. Hamısı öz qınına çəkilib.
Təsəvvür edin, Ukrayna dağılır, istər NATO, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar olsun, hələ də Rusiyaya sanksiyaları sərtləşdirməkdən danışırlar. Vallahi ayıbdır, bu cür vəhşiliyin qarşısına silahlı müqavimətlə çıxıb aqressorun başını əzmək əvəzinə, diktator Putinin və Lavrovun qızlarının xaricdəki əmlakları üzərində sərt sanksiyaların tətbiqi barədə Qərbin xüsusi idarələrinın təbliğatı qulağımızı bu günün özündə belə əməlli-başlı deşir. Bu da lazımdır. Lakin əsas qulaqlar kəsilmədən övladların xarici banklardakı pulları üzərində qadağalar qoymaq istənilən nəticəni verməyəcək.
Zelenskinin Baydenin anlaşılmaz tövründən sonra "dünyaya daha mənim güvəncim, inanım qalmadı" deməsi qaranlıq mətləblərin üzərinə işıq saldı... Tərəddüd etdiyim bir fikrin qulpunu əlimdən artıq buraxmaq məcburiyyətindəyəm. Bu savaşda Qərbə daha çox Rusiyanın işğalçı dövlət kimi tanıdılması maraqlı idi...
Eldar Sabiroğlu,
Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki