“Həftənin üçüncü günü İsmayıllaya gedəcəm. Rayona gedib sakinlərlə danışmaq istəyirəm ki, vəziyyət necədir, yeni saxlanılanlar varmı?”. Bu sözləri İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun Modern.az-a açıqlamasında deyib.
“Rayondakı son vəziyyəti öyrənmək üçün İsmayıllıya gedirəm. Bildiyiniz kimi “Çıraq” otelinin müdiri də tutulub. Hadisə ilə bağlı istintaq gedir. Tutulanlarla da görüşmüşəm. İndi də rayona gedib sakinlərlə danışmaq istəyirəm ki, vəziyyət necədir, yeni saxlanılanlar varmı?”.
Komitə sədrinin sözlərinə görə, İsmayıllı hadisələrinə görə, tutulan REAL sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ilə də görüşüb. Onun sözlərinə görə, bir neçə gün əvvəl onlarla görüş zamanı vəziyyətlərindən şikayət etməyiblər.
“Rayondakı son hadisələrlə bağlı hələ ki istintaq gedir. Amma onlar özlərini günahkar bilmirlər. Mənin maraqlandıran suallardan biri də o idi ki, onlara qarşı zor, işgəncə faktı olubmu? Onlar da belə bir şey olmadığını bildirdilər. Həbs olunanlar Ədliyyə Nazirliyinin istintaq təcridxanasında saxlanılırlar. Komitəyə müəyyən məhdudiyyətlər qoyulduğundan mən ora gedə bilmirəm. Bu da işgəncənin bir növüdür. Ona görə də onlarla yenidən görüşə bilməyəcəm”.
Gültəkin ƏLƏSGƏR