“Azərbaycanın ilk suni peyki qrafikə uyğun şəkildə müəyyən olunmuş trayektoriya üzrə orbitdə hərəkət etməkdədir”. Bu sözləri Modern.az saytına açıqlamasında “Azərkosmos” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli deyib. O qeyd edib ki, peykin idarəetməsi orbitdə aparılan sınaqlar başa çatdıqdan sonra tam olaraq “Azərkosmos” ASC-yə təhvil veriləcək.
“Bundan sonar peykin idarəetməsi müstəqil olaraq “Azərkosmos” ASC-nin mütəxəssiləri tərəfindən həyata keçiriləcək. Hazırda peyk qrafikə uyğun şəkildə müəyyən olunmuş trayektoriya üzrə orbitdə hərəkət etməkdədir. Bu isə o deməkdir ki, peykin tam şəkildə istismarı təqribən mart ayının sonundan mümkün olacaq”.
Qeyd edək ki, ən az 15 illik istismar müddəti olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşərək Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcək.
““Azerspace-1” peyki Bakı yaxınlığında inşa olunub, beynəlxalq tələblərə cavab verən və tam təchizatlı Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən, habelə Naxçıvandakı Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən orta yaşı 28-i keçməyən gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə ediləcək” “Azərkosmos”-un rəsmisi bildirib.
Aytən ƏLİYEVA