“Komitə beynəlxalq əlaqələrin inkişafına və xarici ölkələrin təcrübəsinin öyrənilməsinə xüsusi diqqət yetirir. Bu xüsusda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq dərinləşdirilmiş, bir sıra sənədlər imzalanıb, çoxsaylı tədbirlər keçiririlib”.
Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Komitə sədri xatırladıb ki, Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılışı olub. Eləcə də Almaniyanın paytaxtı Berlin şəhərində "Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı", ABŞ-ın Nyu York şəhərində "Türkdilli Diasporların Potensialının Təkmilləşdirilməsi üzrə Təlim Proqramı" təşkil edilib:
“Qardaş Türkiyə Respublikasının müvafiq qurumu ilə anlaşma memorandumu imzalanmış, Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktı zamanı Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Agentliyinin rəhbərinin Azərbaycana səfəri təşkil olunmuşdur. Həmçinin İsrail, Rumıniya, Macarıstan və digər ölkələrin aidiyyəti təşkilatlarında görüşlər keçirilib.
Bu yaxınlarda komitənin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının Bursada təşkil olunan II Diaspor Forumunda iştirak etmişdik. Diasporun rolunun gücləndiyi hazırkı şəraitdə Azərbaycan ilk dəfə olaraq bu il Qlobal Diaspor Forumunda təmsil olunub.
İnanırıq ki, Azərbaycan və Türkiyə diasporları erməni diasporunun hiyləgər planlarına qarşı prinsipiallıq göstərərək 2021-ci il iyunun 15-də dövlət başçılarımız tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər" bəndindən irəli gələn vəzifələrin öhdəsindən layiqincə gələcəkdir”.