Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda Fondun sədri Səlim Müslümov bildirib ki, 2012-ci il ərzində qurumun gəlirləri 17 faiz artaraq 2 mlrd. 475 mln. manat təşkil edib. Ötən il sosial sığorta haqlarıüzrə gəlirlər 16 faiz artaraq 1 mlrd. 424 milyon manat olub.
Vergilər Nazirlyi, Dövlət Əmək Müfəttişliyi və Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi birgə tədbirlər nəticəsində il ərzində 300 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb.
S.Müslümov əlavə edib ki, 2012-ci ildə Fondun xərcləri 2 mlrd 457 milyon manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2012-ci il ərzində 2404 mln. manat və ya 2011-ci ilə nisbətən 338 mln. manat çox vəsait sərf olunub, ödəmələr hər ay içərisində tamamlanıb.
DSMF sədri nəzərə çatdırıb ki, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 2011-ci il üzrə 7,9 faizlik inflyasiya səviyyəsində artım tətbiq edilib və bu artımın əvvəlki illərdən fərqi daha böyük kontingenti əhatə etməsi olub. Belə ki, 2011-ci ildə həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyasının sığorta hissəsi formalaşdırılmış və onların da əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilmişdir. Nəticədə bütün əmək pensiyaçılarının pensiyasının sığorta hissəsi artırılıb.
Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 7 manat artaraq 152 manata, yaşa görə pensiyalar üzrə isə 168 manata çatıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 42,5 faizə qalxıb.
S.Müslümov qeyd edib ki, hər bir işləyən şəxsin gələcək pensiya təminatıüçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsində maraqlı olması, beləliklə, inzibati nəzarətin daha səmərəli ictimai nəzarətlə əvəzlənməsi məqsədilə Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti təşkil olunub.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2012-ci ildəki fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. İclasda Prezidentin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2013-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Modern.az