Modern.az

Bakıdakı küçə sənətçiləri – Onların arasında əcnəbilər də var

Bakıdakı küçə sənətçiləri – Onların arasında əcnəbilər də var

Mədəniyyət

22 Aprel 2022, 09:07

2019-cu ildə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən küçə sənətinin daha uyğun formaya salınması, vahid idarəetmənin təşkil edilməsi, bacarıqlı və istedadlı şəxslərin cəlb edilməsi məqsədi ilə “Küçə sənətçiləri” layihəsi hazırlanıb. 

 

Dövlət Turizm Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, layihə Bakı küçələrində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara, karikatura çəkənlərə, məşhur qəhrəmanları yamsılayanlara, mimlərə, canlı heykəl, idman və sirk sənəti  ilə məşğul olan ustalara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirmək üçün lazımi şəraitin yaradılmasını özündə əks etdirir. 

 

Layihənin şərtlərinə əsasən seçim mərhələsindən uğurla keçən istedadlı şəxslərlə müqavilə bağlanılır və onlara müvafiq icazə vəsiqəsi verilir. Bunun əsasında sənətçilər 3 ay ərzində müəyyən edilmiş ərazilərdə bacarıqlarını nümayiş etdirə bilirlər. 3 ay başa çatdıqdan sonra müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edilə bilər. Küçə sənətçisi kimi fəaliyyət göstərmək üçün rüsum tələb olunmur. 

 

 

Hazırda Nizami, Nigar Rəfibəyli, Məmməd Əmin Rəsulzadə, Xaqani küçələrində və Xaqani parkında küçə sənətçiləri üçün müvafiq yerlər ayrılıb. Son məlumata əsasən, 10 küçə sənətçisi müqavilə əsasında qeyd edilmiş yerlərdə fəaliyyət göstərir.  

 

Layihədə yerli vətəndaşlarla yanaşı, Türkiyə, İsrail, Gürcüstan kimi xarici sənətçilər də iştirak edir. Layihə çərçivəsində məşhur qəhrəmanları yamsılayan aktyorlar və canlı heykəllər üçün xüsusi geyimlər və avadanlıqlar hazırlanıb.

 

Qeyd edək ki, Bakı şəhərində ayrılmış xüsusi yerlərdə  küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyən şəxslər Bakı Turizm İnformasiya Mərkəzinə müraciət edə bilərlər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər