Modern.az

Bir nisgilin TARİXİ

Bir nisgilin TARİXİ

Mədəniyyət

21 Aprel 2022, 15:56

(Unudulmaz tarzən Əhsən və oğlu Ənvər Dadaşovların xatirəsinə)
 

Son illər həm sənətkar, həm də şəxsiyyət kimi kəşf etdiyim insanlardan biri də tarzən Əhsən Dadaşovdur. Əslində onun təkrarsız sənətinə həmiçə rəğbətim olub, ifalarını maraqla dinləmişəm. Amma musiqi mədəniyyətimizdə Əhsən Dadaşov fenomeni, təkrarsız sənətinin miqyası, sanbalı barədə fikirlərim son illər – onun əldə olan bütün ifalarını dinlədikdən, ayrı-ayrı insanlardan topladığım xatirələri saf-çürük etdikdən sonra formalaşmağa başladı və qərara aldım ki bu qüdrətli sənətkar, büllür kimi saf insan haqqındda düşündüklərimi, eşitdiklərimi yazıya alım – çünki biz gəldi-gedərik, yazılanlar isə qalır.
 

Əhsən müəllimi mənə yenidən tanıdan insanlardan biri onun sənətinin qızğın pərəstişkarı ElşənTahirovdur. Bu gənc ustada həsr etdiyi səhifədə, Youtube kanalında onun həyat və yaradıcılığı haqqında zəngin məlumat bazası – arxiv yaradıb və maarifçilik missiyasını böyük şövqlə davam etdirməkdədir.
 

Aşağıda öz sintaksisimdə, yozumumda sizə təqdim etdiyim ürəktitrədən əhvalatı da mənə o danışıb:
 

...1963-cü ildə ustadın ilk övladı Ənvərin 9 yaşında leykoz (qan xərçəngi) xəstəliyindən dünyasını dəyişməsi təbii ki, bir ata kimi Əhsən müəllimi sarsıdır... Bu faciə onun yaradıcılığına da təsirsiz ötüşmür, tar ifaçılığı qəmli bir nisgillə nəfəs alan yeni "Əhsən xalları", "Əhsən barmaqları" kimi bəzəklərlə süslənir.
 

Zaman hər yaranı sağaldır – deyiblər. Əhsən müəllim də sanki öz ağrısına, dərdinə qalib gələ bilir – qastrollara gedir, konsertlərdə, el şənliklərində çıxış edir, xarici ölkələrdə musiqimizə rəğət, hörmət qazandırır. Və taleyin acı qismətinə bax ki, oğlunun vəfatından 13 il sonra özü də erkən – 51 yaşlnda dünyasını dəyişir...
 


Tarzən vəfat edəndən sonra heç kim, həta atasının təkcə sevimli qızı yox, həm də dostu, sirdaşı olan Xanım da bir müddət onun içində tarı olan futlyarına yaxın düşməyə ürək eləmir. Futlyarın içindəki tar - əslində Əhsən müəllimin bir parçası idi, sakitcə əbədi yuxuya getmişdi və onu bu yuxudan oyatmaq ustadın həmin tarın pərdələrində, simlərində uyuyan ruhunu narahat etmək kimi bir şey idi.

Amma Xanım sonda dözə bilmir, tar heç olmasa havasını dəyişsin deyə futlyarı açır, atasının tellərini sığallayırmış kimi simləri əzizləyir, adətən içində ehtiyat sim və mizrab qoyulan balaca qutunun qapağını qaldıranda isə gördüklərindən elə heyrətlənir ki, donub yerində qalır...

Qutunun içində 9 yaşında dünyasını dəyişmiş Ənvərin bir vaxtlar boynuna doladığı şərfin səliqə ilə kəsilmiş bir parçası onun ruhunun nişanəsi kimi atasının ruhu ilə bir yerdə uyuyurdu.
 

Sən demə ustad bu şərf parçasını 13 il imiş hamıdan gizlin qutunun içində gəzdirir, bununla təsəlli tapır, böhranlı anlarda oğlunun ətrini ondan alırmış...
 

Mən bu əhvalatı eşidəndən sonra “ Segah”, “Zabul-segah” , “Şur” muğamlarımızın ifasına Əhsən müəllimim “şah” barmaqlarla gətirdiyi möcüzəli pıçıltıların ruhumu niyə bu dərəcədə riqqətə gətirməsinin səbəbini anladım.
 

Amma təəssüf ki, bunu sözlə təsvir etməyə acizəm…
 

Əhsən müəllimin, Ənvərin ruhları nur içində uyusun.
 


Əlisəftər Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər