44 günlük müharibə zamanı təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək, müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Nəticədə mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.
Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb. Xüsusilə, ermənilərin qadağan olunmuş bombalardan, təhlükəli silahlardan istifadə etməsi faktları araşdırmalar zamanı öz təsdiqini tapıb.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları nəticəsində 27 nəfər həlak olub, 70 nəfərdən artıq insan yaralanıb. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələrinin Bərdənin mərkəzinə hər birinin içərisində 72 ədəd, ümumilikdə 144 bombası olan “Smerç” tipli böyük dağıdıcı qüvvəyə malik 2 ballistik raket zərbəsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikrincə, Ermənistanın insanların kütləvi şəkildə yaşadıqları ərazilərə qadağan olunmuş bombalar atması onun terrorçu dövlət olduğunu göstərir.
2020-ci il 04-08 oktyabr tarixlərində ANAMA-nın xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub. Həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinib.
“Bu bombacıqlar da "Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin "bombacıqları daşıma konteyneri və paylama boruları”nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir”, - deyə ANAMA-nın məlumatında qeyd olunub.
Agentliyin məlumatına görə, Ermənistanın qadağan olunan kasetli bombalardan istifadə etməsi beynəlxalq səviyyəli cinayətdir.
Qeyd edək ki, kasetli bombalar qadağan olunmuş sursat sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması hərbi cinayətdir. Kasetli bombalar hədəfdən kənar, vurulması mümkünsüz, məhvi çətin olan ərazilərə də sıza bilir. Bunun səbəbi isə bir qəlib daxilində çoxlu kiçik bombanın yerləşməsi, atıldıqdan sonra olduqca uzaq ərazilərə yayılmasıdır. Avtomatik tuşlama sistemilə təchiz edilən kasetli döyüş sursatı özü hədəfi müəyyənləşdirir. Kasetli bombaya hədəflərin konkret növləri proqramlaşdırılıb. Bu qurğu dinc vətəndaşların hədəfə alınması istisna olmaqla zirehli texnika, raket və artilleriya qurğularının məhv edilməsi üçün nəzərdə tutulub. Bombanın hədəfə atılması üçün rəqibin hava hücumundan müdafiə zonasına girilməsinə ehtiyac yoxdur. O, aerodinamik xarakteristikalarının hesabına atılmanın hündürlüyündən aslı olaraq onlarla kilometr məsafəni qət edə bilir. Çox vaxt yalnız hədəfə deyil, ətraf ərazilərə də zərər verir.
Kasetli bombalar insan orqanizmi üçün olduqca zərərlidir. O, çoxlu sayda kiçik bombalardan ibarətdir və məhz bu xüsusiyyətinə görə, böyük əraziləri dağıda bilir. Ona görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır.
2008-ci ildə Dublində kasetli bombalardan istifadəni qadağan edən beynəlxalq müqavilə qəbul edilib və 2010-cu ildə qüvvəyə minib. Kontraktı 100-dən çox ölkə imzalasa da, ABŞ, Rusiya və Çin bu qadağa ilə razılaşmayıb. Çünki bu, hədəfi nişan almağı bacarmayanların ən sevdiyi silah idi.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli söyləyib ki, kasetli bombalardan istifadə edən Ermənistan beynəlxalq konvensiyaları ayağı altına salır:
"Ermənistan kasetli silahlardan istifadəyə dair, həmçinin müharibələr zamanı mülkü insanlara zərər yetirilməsinə qarşı beynəlxalq humanitar konvensiyaları pozur. Döyüş gedən bölgədən 150-2000 km uzada yerləşən mülkü obyektə raket zərbəsinin endirilməsi həm beynəlxalq konvensiyaların pozulması, həm də cinayət əməlidir. Qəbul olunan müəyyən konvensiyalarda bunu edənlərə qarşı konkret cəza olmasa da, digər humanitar konvensiyalarda bu halların pozulması hərbi cinayət sayılır. Məsələn, Yuqoslaviyada Miloşeviçin vaxtında bu, cinayət kimi qeydə alınmışdı. Miloşeviç devrildikdən sonra hərbi cinayəti törədənlər məhkəməyə verildi, onlara cəzalar kəsildi".
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Yazının məzmunu “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.