Modern.az

“Dövlətqaçqınkom”: "Başqalarına məxsus mənzillərdə məskunlaşan köçkünlər çıxarılacaq”

“Dövlətqaçqınkom”: "Başqalarına məxsus mənzillərdə məskunlaşan köçkünlər çıxarılacaq”

Təhsil

12 Fevral 2013, 10:05

Qaradağ rayonu Müşfiqabad qəsəbəsində salınan yeni köçkün şəhərciyinin açılışı olsa da, hələ ki ora məcburi köçkünlərin köçürülməsi prosesi başlamayıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərinin köçürülmə işlərinə tezliklə başlanacaq.
“Müşfiqabad qəsəbəsində tikilən şəhərcik tam olaraq hazırdır. Su, qaz, elektrik xətləri çəkilib, müasir istilik təchizatı ilə təmin olunub. Yəni orada tikinti işlərinin başa çatmaması ilə bağlı fikirlər yanlışdır. Hazırda köçürülmə ilə bağlı hazırlıq işləri gedir və yaxın zamanlarda yataqxanada olan məcburi köçkünlər ora köçürüləcək, amma konkret vaxt demək mümkün deyil”.

E.Qədimov vurğulayıb ki, Abşeron rayonu Masazır qəsəbəsində də məcburi köçkünlər üçün tikilən şəhərcikdə artıq işlər başa çatıb, son tamamlanma işləri gedir. “Orada da böyük tikinti işləri aparılıb, 13 ədəd 5 mərtəbəli, 760 ailəlik bina tikilib. Artıq son tamamlanma işləri gedir. Bu ilin birinci rübündə həmin şəhərciyin açılışı planlaşdırılır. Ümumiyyətlə yataqxanalardan köçürmələr dövlət proqramına edilmiş əlavələrə əsasən, mərhələli şəkildə həyata keçiriləcək”.

Ayrı-ayrı vətəndaşlara məxsus evlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə gəlincə, Elçin Qədimov vurğulayıb ki, Dövlət Proqramının bəndlərinə edilmiş əlavələrə əsasən, növbəti illərdə mərhələli şəkildə bu proses də həyata keçiriləcək və həmin evlər sahiblərinə qaytarılacaq.

“Regionlarda da böyük işlər gedir. Abşeron rayonu Qobu qəsəbəsində 500 hektar sahə alınıb, orada şəhərcik salınacaq. Daha sonra Gəncədə, Bərdə də tikinti işləri aparılır. Hazırda Mingəçevirdə 10 ədəd 9 mərtəbəli, 502 ailəlik ibarət bina tikilir. Bu böyük kompleksdir. Artıq orada da tikinti işləri başa çatıb, yaxın aylarda onun da açılışı gözlənilir”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir