Modern.az

Gözlədiyimiz o gün gəldi... - Şuşada tarixi hadisə

Gözlədiyimiz o gün gəldi... - Şuşada tarixi hadisə

22 Aprel 2022, 16:24

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı keçirilir. Qurultayda dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımız iştirak edir.

 

Toplantıda çıxış edən Prezident İlham Əliyev Azərbaycan və region üçün əhəmiyyət daşıyan bir çox məqamlara toxunub, diaspor üçün önəmli məsələləri, qarşıda duran prioritetləri diqqətə çatdırıb.

 

Zəfər Qurultayının önəmi haqqında Modern.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov xatırladıb ki, Dünya Azərbaycanlılarının Qurultayı ilk dəfə 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdi:

 

“Belə qurultayların keçirilməsi dünya azərbaycanlılarının birləşməsi, bir mövqedən çıxış etməsi, Vətən üçün, doğma Azərbaycanın qarşıda duran hədəflərə çatması baxımından vacibdir. Bu günə qədər qeyd edilirdi ki, o gün olsun, torpaqlarımız işğaldan azad edilsin, belə tədbirlər orada keçirilsin. Bu arzumuz reallaşdı və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəhbərliyi sayəsində torpaqlarımızı işğaldan azad edən ordumuza ithafən Zəfər qurultayı adlandı.

 

 

Prezidentimizin qurultayda səsləndirdiyi hər bir fikri mühüm əhəmiyyət kəsb edir. Amma çıxışı ümumilikdə üç bloka bölmək olar. Prezidentin çıxışında xüsusi vurğuladığı məqamlar postmünaqişə dövründə qarşıda duran vəzifələr, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurması, bu işdə dünya azərbaycanlılarının da bir hədəfə vurması idi. Biz gördük ki, həmrəy olanda ən böyük problemimizi belə həll etməyə qadirik.

 

Dünya Azərbaycanlılarının qarşısında duran əsas məqsəd və vəzifələr sırasında ən vacibi həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Biz inanırıq ki, Zəfər Qurultayından sonra ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız bu kimi məsələlərə xüsusilə diqqət edəcək, Azərbaycanın qələbəsinin bütün dünyada təbliğə davam edəcəklər”.   

 

Deputat Naqif Həmzəyev isə vurğulayıb ki, Dünya Azərbaycanlılarının V qurultayının məhz Şuşada keçirilməsi əhəmiyyətli tarixi hadisədir. Bu o deməkdir ki, Azərbaycan bölgənin təhlükəsizliyini təmin edə bilib: 

 

"Xarici ölkələrdə yaşayan soydaşlarımız, Qarabağda, Şərqi Zəngəzurdakı sürətli yenidənqurmanı canlı izləyə bilirlər. Bu, onların dövlətə, Vətənə, millətə bağlılığını daha da qüvvətləndirəcək. Bundan sonra da xarici ölkələrdə yaşayan soydaşlarımızın koordinasiya edilmiş fəaliyyəti Azərbaycan həqiqətlərinin, başımıza gətirilən müsibətlərin digər xalqlara çatdırılmasına zəmin rolu oynayacaq.

 

Bir şeyi unutmayaq ki, cənab Prezident bütün beynəlxalq təşkilatlarda, tribunalarda həmişə Azərbaycan həqiqətlərini söyləyib, dünyanın hər bir ölkəsinin Azərbaycana dəstək verməsi üçün koordinasiyalı fəaliyyət formalaşdırıb. Azərbaycan hökuməti də bununla əlaqədar mühüm işlər görüb”.

 

 

Naqif Həmzəyevin fikrincə, Azərbaycan Ordunun qələbəsini diplomatik qələbəyə çevirib. Bunun daimi və davamlı olması üçün hər bir azərbaycanlı Vətən müharibəsində sərgilədiyi birliyi və vəhdətin on qatını sərgiləməlidir. Biz bu yolda hər bir məsələdə olduğu kimi cənab Prezidentə dəstək olmalıyıq. Ölkə başçısı qurultayda çıxışı zamanı bir daha ermənilərə, revanşist dövlətə mesajlar ünvanladı.

 

"Üzərimizə düşən ən vacib məsələlərdən biri budur ki, bütün şəhər və kəndlərimizi yenidən quraq, məcburi köçkünlərimizi bu ərazilərə qaytaraq. Ermənistan Azərbaycanın sülh təkliflərini düzgün dəyərləndirməlidir. Əks təqdirdə, Azərbaycan nə edə bilər – bunu da ölkə başçısı səsləndirdi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, sülh şərtlərini qəbul etməsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunun nə demək olduğunu hər kəs bilir.

 

Biz qürurluyuq ki, Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilir. Hesab edirəm, Dünya Azərbaycanlıların mütəmadi olaraq ildə ən azı bir dəfə özləri və ailələri ilə birlikdə azad olunmuş ərazilərə, Azərbaycana səfər etməsi arzu olunandır”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu