Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşin əvvəlcə Moskvaya, daha sonra Kiyevə səfər etmək qərarını tənqid edib.
Modern.az xəbər verir ki, bu barədə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Zelenski, həmçinin Qərb tərəfdaşlarını Kiyevə real köməklə gəlməyə çağırıb və Ukraynanın “faciəli selfilər” üçün yer olmadığını deyib.
“Mənə elə gəlir ki, əvvəlcə Ukraynaya səfər etmək, onu görmək, sonra Rusiyaya gedib danışmaq daha məntiqli olardı. Mənə elə gəlir ki, bu, sadəcə olaraq məntiqsizdir”, – Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında BMT Baş katibinin qərarını şərh edib.
Quterreş aprelin 26-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. BMT Baş katibinin Kiyevdə Volodimir Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşü aprelin 28-nə planlaşdırılıb.
Akif İsmayılov