Modern.az

Zəfər Qurultayı qələbəmizin növbəti təntənəsidir

 Zəfər Qurultayı qələbəmizin növbəti təntənəsidir

Diaspor

24 Aprel 2022, 12:13

"Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında cənab Prezident İlham Əliyev tarixi nitq söylədi. Dövlətimizin başçısı indiyə qədər görülmüş işlərlə yanaşı diasporumuzun qarşısında dayanan vəzifələrdən ətraflı bəhs etdi”. 

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.


Deputat xatırladıb ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya azərbaycanlılarının birinci qurultayında ümummilli lider çıxış edərkən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini bəyan etmişdi:


"Ulu Öndərimizin arzusu gerçəyə çevrildi. Dünya azərbaycanlılarının sonrakı qurultaylarında, eləcə də digər çıxışlarında Prezident İlham Əliyev də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirmişdi. Bu günün reallığı dövlət başçımızın öz sözündə, vədində qəti olması, üzərinə götürdüyü bütün öhdəlikləri, vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut edir. Şuşada keçirilən Zəfər Qurultayı qələbəmizin növbəti təntənəsi oldu. Vətən müharibəsində tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi rəmzi məna daşıyır. Hələ 30 illik işğal dövründə və 44 günlük müharibə zamanı xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var. Çünki  müharibə başa çatsa da, Azərbaycana qarşı olan əsassız iddialar hələ də davam edir. Zəfər yolu ilə Zəfər qurultayında iştirak etmək üçün Şuşaya gedən soydaşlarımız yolboyu erməni vandalizminin şahidi oldular. Şuşa da daxil olmaqla ermənilərin işğal etdiyi ərazilərdə yaratdığı acınacaqlı vəziyyət, törətdikləri talançılıq, barbarlıq bir daha onu göstərir ki, bu ərazilər heç vaxt onlara məxsus olmayıb. Onların bu ərazilərdə əbədi qalacaqlarına ümidləri də olmayıb, ona görə yalnız dağıtmaq və talamaqla məşğul olublar. Bu gün həmin ərazilərə gedən hər bir şəxs ermənilərin faşist əməllərinin şahidi olur. Dövlətimizin başçısı regionda hazırkı proseslərdən də ətraflı danışıb və bildirib ki, Azərbaycan Ermənistana beş bənddən ibarət sülh sazişi təklif edib. Ermənistanda mövcud olan revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur. Cənab Prezident qeyd etdi ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. Düşünürəm ki, erməni tərəfi dövlətimizin başçısının bu xəbərdarlığından düzgün nəticə çıxarmalıdır". 

 

 

Deputat Prezidentin çıxışından sitat gətirərək qeyd edib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanla daim təmasdadırlar və diaspor təşkilatları arasında koordinasiya təkmilləşir:

 

"Dövlət başçısının dediyi kimi, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalı, öz mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması bu məqsədə xidmət edir. Cənab Prezident nitqində diaspor təşkilatlarına öz dəyərli tövsiyələrini də verdi. Cənab İlham Əliyevin dediyi kimi, diaspor təşkilatları yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar. Eyni zamanda, Prezident xaricdə yaşayan azərbaycanlıların övladları üçün Azərbaycan dilinin və tarxinin, eləcə də ədəbiyyatının tədris olunması üçün müvafiq məktəblərin, mərkəzlərin açılmasının vacibliyini önə çəkdi. Qeyd olundu ki, əgər bütün bunlar olarsa, assimilyasiya hallarının qarşısı alınacaq.  Ona görə də, bu məsələ xüsusi diqqət mərkəzində olmalıdır. Bütövlükdə, hesab edirəm ki, cənab Prezidentin qurultaydakı çıxışı Azərbaycan diasporu üçün yol xəritəsidir. Dövlət başçısının tövsiyələri diaspor təşkilatlarının qarşısında yeni vəzifələr müəyyənləşdirir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu