Aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı bir sıra vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.
Azərbaycanın təklif etdiyi “Bakı-Yerevan” formatı nədir?
Bu barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan sülh sazişi ilə bağlı danışıqlarda Ermənistanla birbaşa təmaslara çalışır. Politoloqun fikrincə, prosesdə vasitəçilərin iştirakı olanda, üçüncü tərəf öz maraqlarını güdür. Bu da nəticədə danışıqların yubanmasına səbəb olub:
"Məncə, birbaşa münaqişə tərəflərinin təmasları danışıqlarda konkretlik qazanır. Bu da prosesə üstünlük gətirir. Danışıqların uzanması olduqca xoşagəlməz hallara səbəb olur. Tərəflər yorulur, insanlar bezir. Yerlərdə insanların problemi, qayğısı artır. Bir halda ki, Bakı və İrəvan üz-üzə oturmağı bacaracaqsa, onda vasitəçiliyə ehtiyac qalmayacaq. Bununla da prosesdə konkretlik, ünvanlılıq təmin olunmuş olacaq. Azərbaycan məhz bunun tərəfdarıdır. İndi Azərbaycan və Ermənistan müstəqil dövlətlər kimi delimitasiya və demarkasiya proseslərində razılığa gəlməlidir ki, həll yolu yaransın. Üçüncü tərəflər prosesə sadəcə ağırlıq gətirir. Ona görə də, Azərbaycan tərəfi sağlam yanaşma sərgiləyir. Bu yanaşmanın məğzi ondan ibarətdir ki, tezliklə sülh üçün addımlar atılsın və sənəd imzalansın. Prosesin başqa alternativi yoxdur”.
Politoloq hesab edir ki, kənardan təzyiqlər olmasa, Ermənistan qərarını özü verə biləcək:
“Ermənistan oyunbazlıq etməsə, digər ölkələrdən təzyiqlər olmasa, ermənilər özlərinə çarə tapacaqlar. Parisin meri Anna İdalqo bu yaxınlarda qondarma "erməni soyqırımı" ilə bağlı tədbir keçirib. Deyib ki, biz erməni xalqına borcluyuq. Həm də bildirib ki, Qarabağın müstəqilliyini tanımağa hazırdılar, hətta bu yaxınlarda Qarabağa səfər edəcəklər. Bax belə şeylər erməniləri çaşdırır. Mer bilməlidir ki, istər onun özü gəlsin, istərsə də digərləri, bundan sonra vəziyyət dəyişməyəcək. Əksinə neqativ addımlar onların özlərinin əleyhinə işləyəcək.
Ermənistan tərəfi gərək kənardan bu cür sözlərə, müdaxilələrə fikir verməsin. Xülyalara dalmasınlar. İllüziyalara aldanmadan Azərbaycanla masaya otursunlar. Bizim regiona daimi sülh lazımdır. Məhz buna görə də, Azərbaycan Ermənistanı ikitərəfli danışığa çağırır. Azərbaycan həm Rusiya tərəfinə, həm Avropa İttifaqı tərəfinə çatdırıb ki, biz ikitərəfli danışıqlara hazırıq. Məsələnin həlli ancaq belə mümkündür”.