Aprel ayının 23-də Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribata əl atıb. Dövlət Sərhəd Xidmətinin ötən gün yaydığı məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, erməni diversantlar geri çəkilməyə məcbur ediliblər. Elə həmin gün daha bir təxribat cəhdi olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı danışıqların getdiyi bir vaxtda təxribat cəhdi nədən xəbər verir?
Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, sərhəddə təxribatın aprelin 24-də baş verməsi qondarma "erməni soyqırımı" ilə əlaqədardır. Onun sözlərinə görə, Ermənistanda bəzi qüvvələr Avropa İttifaqının vasitəçiliyi ilə sülhyaratma prosesini pozmaq istəyirlər.
Qabil Hüseynli iddia edir ki, sərhəddə vəziyyətin gərginləşməsinin arxasında Rusiya dayanır:
“Rusiya vəziyyəti gərginləşdirmək istəyir. Azərbaycan hər bir vəziyyətə hazır olmalıdır. Çalışmalıyıq ki, sülhyaratma xəttinə Rusiya ziyan vura bilməsin. Rusiya tərəfinin fikirləri açıq şəkildə onu deməyə əsas verir ki, onlar Qarabağın azad olunmasını qəbullana bilmirlər. Ümumilikdə isə Rusiya aventurizmlə yoğrulmuş siyasi xətti ilə bölgəni qarışdırmaq istəyir”.
Politoloq bölgədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə qarşı müqavimət göstərməyin vacibliyini önə çəkib:
“Biz Avropa İttifaqı, BMT və beynəlxalq təşkilatlarla bu istiqamətdə sıx əməkdaşlıq aparıb, Rusiyanın təxribatçı fəaliyyətini önləməliyik. Ermənistan kukla kimi Rusiyanın arxasında gizlənib, öhdəliklərə riayət etməmək üçün əlindən gələni edir. Bölgədə vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. Ona görə də açıq və birmənalı mövqe tutmaq lazımdır”.