Modern.az

Qu quşunun son NƏĞMƏSİ

Qu quşunun son NƏĞMƏSİ

25 Aprel 2022, 13:34

Əlisəftər Hüseynov,
Əməkdar mədəniyyət işçisi

(Həsən Məmmədovun unudulmaz xatirəsinə)

" ...qu quşunu zalım fələk

son nəğməsindən tanıyır..."

Ramiz Rovşən
 

Mənim taleyimin incəsənətlə, özəlliklə kino sənəti ilə bağlanmasının əsas baiskarı unudulmaz aktyorumuz Həsən Məmmədovdur.
 

Bu sevginin, ülfətin əsası isə düz 50 il bundan əvvəl qoyulub.
 

1971- ci il idi, televiziya ilə «Axırıncı aşırım» filmi göstərilirdi. Abbasqulu bəy rolunu oynayan Həsən müəllimin göstərdiyi ustalıq, incə psixoloji nüanslar, jest və mimikalar (yeri gəlmişkən, deyim ki, illər keçdikdən sonra mən Abbasqulu bəy obrazını Azərbaycan kino aktyorluğu sənətinin zirvəsi kimi təhlil etdim və indinin özündə də həmin qənaətdəyəm) elə sehrli, qeyri- adi aura yaratmışdı ki, filmin ideyası, məzmunu keçmişdi arxa plana və mən heyrətdən ağzımı ayırıb yalnız Həsən müəllimin oyununa tamaşa edirdim…
 

Nə idi bu sehr, bu tilisim? Nə üçün mən gözlərimi ekrandan ayıra bilmirdim?
 

Həmin o anlaşılmaz, qeyri-adi vəziyyətdə beynimin hansısa bir nöqtəsində bir işıq yandı, sonra həmin işığın aydınlığında beynimin başqa bir nöqtəsinə belə bir fikir həkk olundu ki, mən böyüyüb mütləq sənətdən, kinodan yazan jurnalist olacam və yazacağım ilk kitab da Həsən Məmmədovdan, onun yaradıcılığından bəhs edəcək (!).
 

İşə bax ki, taleyin bu hökmü düz 20 il sonra reallaşdı.
 

Amma mən 1991-ci ildə çıxan "Həsən Məmmədov" adlı ilk kitabımın sevincini yaşadığım günləri elə orada qoyub keçirəm, necə deyərlər, aranın qarışıb məzhəbin itdiyi 90-cı illərin ortalarına.
 

Müstəqilliyini yeni qazanmış Azərbaycanın ən çətin günləri idi və bu çətinlik içində boğulanların, sözün birbaşa mənasında bəzən məhv olanların önündə sənət adamları, onların önündə isə aktyorlar gedirdi. Həmin o ağır günlərin birində mən dəfələrlə evində olduğum, halal çörəyindən kəsib çay süfrəsi arxasında söhbət etdiyim, nə gizlədim, kefimizin xoş vaxtlarında yüz-yüz vurduğum Həsən müəllimlə görüşmək, imkan olsa ondan müsahibə almaq fikrinə düşdüm. Elə qapıdan içəri daxil olan kimi anladım ki, indi bu evdə əvvəlki ab-hava, aura yoxdur, cəmiyyətdəki qeyri-müəyyənlik, əsəbləri tarıma çəkən gərginlik, dibi görünməyən boşluq mənim tanıdığım mülayim xasiyyətli, sadə, həmişə abır-həyasını gözləyən Həsən müəllimi də əməllicə sınağa çəkib. Bəli, kinomuza mürəkkəb xarakterli parlaq şəxsiyyətlərin obrazlarını bəxş edən bu aktyor həyatda bəzən uşaq kimi sadəlövh, azdanışan, saf bir insan idi – yeni dövr isə Hüseyn Mehdiyevin dediyi kimi, icra başçılarının qapılarını təpiklə açmaq mədəniyyəti, iş adamlarının qəbul otaqlarında saatlarla gözləmək səbri və daha nələr…nələr tələb edirdi ki, bunların da heç biri Həsən müəllimdə yox idi.
 

Çox ağır, əsəbi bir söhbətimiz oldu. Ustad sistemsiz, qırıq-qırıq danışırdı, ən başlıcası isə bekarçılıqdan dəhşətli dərəcədə darıxırdı…
 

…Nəhayət, sağollaşmaq məqamı yetişdi. Dəhlizə çıxanda açıq qapıdan qeyri-ixtiyari qonşu otağa boylandım və servanta qoyulmuş qarğı tütəyi dərhal gördüm. Ayaq saxlayıb soruşdum:
 

- Həsən müəllim, bu, nədir? Kolleksiya yağırsınız, yoxsa sadəcə suvenirdir?
 

Həsən müəllim karıxdı və o, cavab verməyə macal tapmamış dəhlizin o biri başında dayanmış qızı dedi:

- Yox ey, ata hərdən öz havalarını ifa edir o tütəkdə.
 

Bu, göydəndüşmə, hazır fakt idi. Onu əldən buraxmaqmı olardı?
 

- Həsən müəllim çox xahiş edirəm, mənim üçün də bir şey ifa edin.
 

Həsən müəllim razı olmadı:
 

- Əşi, boş ver. Mən hara, tütək hara?
 

Amma mən inadkar olmasaydım Göyçaydakı evimizdə 25 il yol gəlib bu mənzilə necə düşə bilərdim? Xahiş-minnətlə axır ki, ustadı razı saldım. Yan otağa keçdik, Həsən müəllim qapını örtdü və tütəyi götürüb ötürdüyü sehirli ismarıcı yalnız sonralar başa düşdüyüm bir melodiya ifa etdi.
 

Bu melodiya ötən günlərə həsrət, indiyə ağı, gələcəyə isə yalvarış hissləri ilə süslənmişdi.
 

...Bir vida nəğməsinə də bənzəyirdi bu melodiya…
 

Bu, əslində qu quşunun son nəğməsi imiş…
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir